İxtisas və ya peşəni necə seçməli?
Abituriyentlərə ixtisas seçimi ilə bağlı Kaspi Təhsil Şirkətinin ekspertlərindən TÖVSİYƏLƏR
Uşaq dünyaya gəlir, böyüyür, inkişaf edir, məktəbə gedir, öyrənir, həyata atılacaq bir yaşa gəlir. Bu zaman o artıq peşə - ixtisas seçimi ilə qarşılaşır və həyatının ən vacib qərarlarından birini verməli olur. Belə ki, peşə insanın gələcək həyatını, həyat tərzini, yaşamını, ətraf mühitini, xoşbəxtliyini formalaşdırır və ya formalaşmasına böyük təsir göstərir. Vacib olan şəxsin seçdiyi peşəni sevmək, onu maraq və həvəslə öyrənmək, həmin sahənin peşəkarı olmaq, ailəsinə, xalqına və dövlətinə faydalı şəxs olmaq və xidmət etməkdir.
Hansı məqamlara diqqət etməli?
Peşə - ixtisas seçərkən, qərar vermək bəzən bir qədər çətin olur. Bu zaman bir sıra təsir edən faktorlar vardır. İlk növbədə, şəxsin yaşadığı mühit və şərait onun seçdiyi peşəyə uyğun olarsa, seçim etmək daha asan olur. Eyni zamanda, peşə seçimində çox vaxt böyüklərin – valideynlərin təsiri də rol oynayır. Belə ki, böyüklərin tövsiyəsinə əməl etməyi üstün tutduqda, seçim çox da çətin olmur. Eyni zamanda, abituriyentlərin öz arzu və istəkləri və buna müvafiq olaraq, bilik və bacarıqları da nəzərə alınmaqla, seçimi qərarlaşdırmaq olar. Lakin ən vacib məsələ peşə seçimində aşağıdakı sualları cavablandırmaqdır:
- Mənim bilik və bacarıqlarım həmin peşəyə nə dərəcədə uyğundur?
- Peşə mənim maraq və istəklərimi özündə ehtiva edirmi?
- Günümüzdə həmin işə tələbat və ehtiyac hansı səviyyədədir?
- İşin məğzi, mahiyyəti nədir? Hansı fəaliyyətlər həyata keçirilir?
- Həmin peşə sakinlərinin hazırki iş şəraiti və şərtlər necədir? Regionda, yoxsa şəhərdədirmi? Ofis işi, yoxsa çöl işidirmi?
- Peşədə kişi və ya qadın olmağın rolu varmı?
- İşə qəbul necə aparılır?
- Karyera inkişafı necədir?
- Gəliri, maaşı sabitdirmi?
5 ixtisas qrupu üzrə
Onu da qeyd edək ki, müasir dövrdə sənaye və texnologiyanın yüksək inkişafı peşələrdə ciddi dəyişikliyə səbəb olur və bir sıra yeni peşələr ortaya çıxır. Məsələn, biotibbi və nanotexnologiya mühəndisliyi, kompüter proqramlaşdırma, virtual reallıq dizaynerliyi, alternativ enerji mühəndisliyi, neyropsixologiya, ekologiya, kənd təsərrüfatı, sənaye və maliyyə ilə bağlı peşələr.
Ölkəmizdə valideynlər və abituriyentlər artıq orta məktəbin son siniflərində ixtisas seçimi ilə bağlı ilk qərarlarını verirlər. Belə ki, abituriyentlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşarkən, ixtisas qruplarını müəyyənləşdirir və həmin qruplara daxil olan fənlər üzrə hazırlaşırlar. Burada 5 ixtisas qrupu – 1, 2, 3, 4 və 5-ci ixtisas qrupları vardır. Hər bir ixtisas qrupu da özündə bəlli istiqamətləri və peşələri ehtiva edir:
I qrup – Fizika, Riyaziyyat, İnformatika, Texnologiya müəllimliyi, Mühəndislik ixtisasları – qida, kimya, neft-qaz, inşaat, cihazqayırma, sənaye, kompüter və s. mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri və proseslərin avtomatlaşdırılması, kənd təsəsrrüfatı, avaiasiya və dənizçiliklə bağlı peşələr və s.
II qrup – Coğrafiya müəllimliyi, iqtisadiyyatla bağlı peşələr, beynəlxalq münasibətlər, regionşünaslıq, sosiologiya, turizm sahəsi ilə bağlı peşələr və s.
III qrup – Tarix, Azərbaycan dili və ədəbiyyat, xarici dil, ibtidai sinif və məktəbəqədər təhsil müəllimliyi, kitabxanaçılıq, jurnalistika, sənətşünaslıq və s.
IV qrup – Biologiya, kimya müəllimliyi, tibb ilə bağlı peşələr, baytarlıq təbabəti, psixologiya, ekologiya və s.
V qrup – daha çox qabiliyyət və bacarıq tələb edən peşələr: Təsviri incəsənət müəllimliyi, aktyorluq, bəstəkarlıq, məşqçilik, qrafika, dizayn və s.
15 ixtisası seçmək imkanı
Qəbul imtahanlarında iştirak edərək, abituriyentlər topladıqları ballara uyğun ixtisas seçimi ilə bağlı müsabiqədə iştirak etmək hüququ qazanırlar və 15 ixtisası seçə bilərlər. Bu zaman onlar seçimi doğru və ehtiyatlı etməlidirlər. Bir məqamı da vurğulayaq ki, abituriyentin uğurlu ixtisas seçimi onların gələcək karyeralarının təməli deməkdir. Ona görə də ixtisas seçimi həlledici bir məsələ olaraq, öz əhəmiyyətini daim saxlayır.
Dekabr ayında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat orqanı olan “Abituriyent” jurnalı özünün Facebook səhifəsində yeni “Bakalavr ixtisasları” layihəsini təqdim etdi. Bu layihə abituriyentlərə ixtisas seçimini düzgün müəyyənləşdirməkdə kömək edəcək və onlar növbəti qəbul prosesində bilik və bacarıqlarına uyğun ixtisas seçə biləcəklər. Belə ki, layihə çərçivəsində ixtisas, onun tədris edildiyi ali təhsil müəssisələri, keçid balları, ixtisasın xarakteristikası, ixtisas üzrə tədris edilən fənlər və ixtisasa uyğun iş yerləri ilə bağlı ətraflı məlumat ictimaiyyətə çatdırılır.
Biz Kaspi Təhsil Şirkəti olaraq, Dövlət İmtahan Mərkəzinin (DİM) bu addımını təqdir edir və dəstəkləyirik. Abituriyentlərimizin və onların valideynlərinin maariflənməsi istiqamətində öz dəstəyimizi göstərməyə və qüvvəmizi səfərbər etməyə daim hazırıq!
Abituriyentlərlə bağlı ən son yeniliklərdən xəbər tutmaq və faydalı tövsiyələr almaq üçün Kaspi Təhsil Şirkətinin sosial şəbəkələrdəki Səhifələrini bəyənin və izləyin.
Bütün abituriyentlərə zehn açıqlığı və uğurlar diləyirik!