Xarıbülbülün rəngləri - musiqi və Ebru sənəti bir arada
Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdlərinin konserti yaddaqalan oldu
“Xarıbülbülün rəngləri” adlı sosial tədbir Beynəlxalq Muğam Mərkəzinə dəvət olunan qonaqları öz sehrinə saldı. Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin, “Müasir Azərbaycan Psixoloqları“ İctimai Birliyi və “Xarıbülbül Fidanları” könüllülərinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Mədəniyyət Nazirliyinin xüsusi dəstəyi ilə reallaşan tədbirdə qonaqlar həm Ebru sənətinin nəfis nümunələri ilə tanış oldular, həmçinin Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin istedadlı şagirdlərinin və beynəlxalq və respublika müsabiqələri laureatlarının ifalarını dinlədilər.
Qonaqlara öncə şəhid övladlarının “Ebru” sənəti əsasında hazırladıqları əl işləri nümayiş olundu. Muğam Mərkəzinin foyesində 12 şəhid övladının 2 ay ərzində hazırladıqları əsərlərdən ibarət sərgi böyük maraqla qarşılandı. Qarabağ ornamentlərindən ibarət sərgidə uşaqların təxəyyül və düşüncələrinin rənglərlə təsviri qonaqları qədim sənət növünün etibarlı əllərdə olduğuna bir daha inandırdı. “Azərbaycan bayrağı”, “Azad Şuşa”, “Güllər” və ebru üzərində ornamentlərin hər biri gənc nəslin incəsənət tariximizə olan sevgisindən və sənətə marağından soraq verdi.
Daha sonra Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdlərinin konsert proqramı iştirakçılara xoş ovqat yaşatdı.
Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin direktoru Məhəmməd Nağıyev çıxış edərək şagirdlərə yaradıcı fəaliyyətlərində uğurlar arzuladı: “2014-cü ildə Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbi “Xarıbülbül” adlı tədbir keçirdi. Onda millət olaraq Xarıbülbül bizim üçün həsrət demək idi. Keçən il qəhrəman əsgərlərimizin rəşadəti sayəsində torpaqlarımızı işğaldan azad etdik. İndi artıq Xarıbülbül bizim üçün həsrət deyil, qəhrəmanlıq simvoludur”.
Müasir Psixoloji Dəstək İctimai Birliyinin sədri Aida Nəbiyeva uşaqların sənətə olan marağından söz açdı: “Sərgilənən əsərlərin hər birinin vətənpərvərlik ruhunda olması şəhid övladlarının vətən sevgisini nümayiş etdirir. Bu tədbirin məqsədi uşaqların bir araya gəlməsidir. Biz məqsədimizə nail olaraq onları vəhdət şəklində birləşdirmişik. Bu uşaqların yaradıcılığında da böyük rol oynayacaq”.
Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin akademik rəhbəri, Beynəlxalq müsabiqələr laureatı Ülkər Əfəndiyeva qeyd etdi ki, layihənin məqsədi uşaqların bədii-estetik zövqlərinin formalaşmasına dəstək, şəhid uşaqlarının cəmiyyətə inteqrasiyasına nail olmaq, bölgələrdə istedadlı uşaqları tanıtmaqdır.
Şagirdlərin ifasında təqdim olunan konsert proqramı böyük maraq doğurdu. Proqram Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin xorunun ifasında “Ulu vətən” mahnısı (Məktəbin xor kollektivinin bədii rəhbəri Leyla Muradzadə) ilə başlandı. Rəngarəng nömrələrdə Üzeyir Hacıbəyli (Arazbarı), Vaqif Mustafazadənin “Düşüncə” əsəri, “Qarabağ şikəstəsi”, “Laçın” Azərbaycan xalq mahnısı, Tofiq Quliyevin “Cəmilənin albomu” məcmuəsindən “Qaytağı”, “Lirik rəqs” əsərləri, Faiq Sücəddinovun “Vətən Balladası” və s. musiqi nömrələri ilə bərabər Avropa bəstəkarlarının fortepiano və vokal əsərləri də səsləndi.
“Xudayar təsnifi” və “Sarı gəlin” xalq mahnısı Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında səslənərək tamaşaçıları heyran etdi. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Ülkər Musiqi Məktəbinin şagirdlərinin çıxışları gecəyə xoş ovqat bəxş elədi.
Konsertdə həmçinin Beynəlxalq müsabiqə laureatları Ülkər Əfəndiyeva, Rəfiqə Quluzadə, Ayna Səttarova və Rüspublika müsabiqə laureatı Lalə Bayramovanın çıxışı da alqışlarla qarşılandı.
Maraqlı konsert proqramına Kaspi Uşaq Musiqi və İncəsənət məktəbinin xor kollektivinin ifasında (bədii rəhbər Leyla Muradzadə) Emin Sabitoğlunun “Azərbaycan” mahnısı ilə yekun vuruldu.
Kaspi.edu.az