"20 Yanvar! Xalqımızın qəhrəmanlıq salnaməsi"
Kaspi Liseyində 20 Yanvar şəhidləri yad edildi
20 Yanvar faciəsindən 32 il keçir. Zaman ötür, illər əsrlərə, əsrlər minilliklərə çevrilir. Zamanın axınında baş verən tarixi hadisələrin bir çoxu müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Amma elə hadisələr var ki, xalqın, millətin yaddaşında əbədiləşir. 20 Yanvar sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Kaspi Təhsil Şirkərinin Ağ Şəhər Liseyində faciənin ildönümünə həsr olunan “20 Yanvar! Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə yolu, qəhrəmanlıq və şərəf tarixi şagirdlər üçün milli yaddaş dərsi olaraq vərəqləndi.
Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın Dövlət Himni səsləndi.
“20 Yanvar Azərbaycan xalqının ədalətsizliyə bir üsyanı idi. Azərbaycan xalqı göstərdi ki, onun haqlı tələblərinin üzərinə toplar, tanklar, tüfənglər, ağır silahlar göndərib insanlarımıza qarşı dəhşətli bir qətliam törədilməsinə baxmayaraq, onun azadlıq ruhunu kimsə öldürə bilməz”.
“20 Yanvar faciəsinin baş verdiyi gün və ondan sonrakı günlər bir dövlət olaraq azadlığımız uğrunda şəhidlik zirvəsinə gedəcəyimiz yolun başlanğıcı idi”- deyə Xəzər Dəniz Neft Donanmasının kapitanı, 20 Yanvar faciəsinin şahidi Kərəm Məmmədov çıxış edərək həmin tarixdə baş verən qırğının təfərrüatlarından, ölkəmizin azadlığı uğrunda dənizçilərin, 7 cəsur kapitanın, qəhrəman dənizçilərin və 120 gəminin apardığı mübarizədən danışdı: “Dünyanın aparıcı bir dövlətinin öz vətəndaşlarına qarşı törətdiyi qanlı olayın həqiqətləri tərəfimizdən dolğunluğu ilə hər yerə çatdırıldı. Bu Azərbaycan və dünya dənizçilərinin bu arada həmrəy olduqlarının bariz nümunəsi idi. Sovet-rus imperiyasının hərbi gəmiləri ilə Bakı buxtasında ölüm-dirim savaşına çıxaraq, faciəmizi ilkin olaraq dünya ictimaiyyətinə obyektiv çatdırmağa nail olduq”. Dənizçi şagirdlərə üz tutaraq onları Vətəni sevməyə, vətənpərvər olmağa səslədi: “20 yanvar faciəsindən 32 il keçir. Bugünkü dənizçilərimizin əksəriyyəti dənizə məhz qəhrəman dənizçilərimizin göstərdiyi o qəhrəmanlıq salnaməsindən təsirlənərək gəldiklərini deyirlər. Necə ki, mən vaxtı ilə dənizçilər haqda oxuduğum kitabların təsiri ilə bu sənəti seçmişdim. Siz də Vətəni sevin. Vətəni hər an qorumağa hazır olun!”
Kaspi Təhsil Şirkətinin idarə Heyətinin sədri Sona Vəliyeva 20 Yanvar faciəsinin milli yaddaş dərsi olduğunu qeyd etdi: “20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür,, istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 20 Yanvar hadisələri ilə bağlı eşitdikləriniz həmişə yaddaşınızda kök salacaq, sizi həmişə Vətənin təəssübünü çəkməyə, onu daim sevməyə və qorumağa sövq edəcək”.
Tədbirdə “Heydər Əliyev və 20 Yanvar hadisələri” mövzusunda videoçarx nümayiş olundu: “Azərbaycan xalqının səsinə səs verən ümummilli liderimiz Heydər Əliyev Moskvada, imperiyanın mərkəzində bütün jurnalistləri, azərbaycanlıları ətrafına yığıb sovet imperiyasının törətdiyi cinayətləri dünayaya çatdırdı. Ulu öndərin Azərbaycan xalqına qarşı böyük bir faciəni törətdiklərini elan etməsi dünyaya səsimizi daha da duyurdu. Ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi”- deyə qeyd edildi.
Liseyin şagirdləri 20 Yanvar hadisələrinə aid - faciəni və qəhrəmanlıq tariximizi əks edirən səhnəciklər təqdim etdilər, mahnılar səsləndirdilər.
Kaspi.edu.az