Kaspi Liseyinin gənc ixtiraçıları
Kaspi Liseyinin gənc ixtiraçıları
Hər il 17 yanvar dünyada Uşaq İxtiraları Günü qeyd edilir
Daim axtarışda olmaq - uşaqların xüsusiyyətidir. Hər il 500 mindən çox uşaq və yeniyetmə müxtəlif alətlər və oyunlar ixtira edir, robotlar və avadanlıqlar yaradır və təkmilləşdirirlər.
Hazırda ölkəmizin təhsil siyasətində robotika dəslərinin tədrisi uşaqların dəqiqlik, analitik və tənqidi düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək və s. kimi bacarıqlarının formalaşmasını təmin etməyə yönəldilib. Belə ki, onlar gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq mükəmməl təhsil və karyera üçün artıq ilk uğurlu addımlarını atacaqlar. Əldə olunan biliklərin real həyatda necə tətbiq olunacağını praktiki olaraq görəcək və öyrənəcəklər. Həmçinin beynəlxalq olimpiadalar və layihələrdə iştirak imkanı əldə edəcəklər.
Kaspi-nin STEAM dərsləri
Kaspi Liseyləri I, II, V və VI siniflərdə robotika əsaslı STEAM dərslərinın tədrisinə geniş yer ayırır. Liseylərdə “STEMART” robotika və proqramlaşdırma mərkəzi tərəfindən IKT və Robotika əsaslı STEAM dərsləri tədris edilir. IKT dərsləri Liseyin peşəkar müəllimləri tərəfindən beynəlxalq tədris proqramı əsasında keçirilir.
Robotika əsaslı STEAM dərsləri isə - təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinin inteqrasiyası şəklində tədris olunur. Ənənəvi tədris metodlarından fərqli olaraq, STEAM dərslərində şagirdlər praktiki modellər hazırlayaraq, əylənərək öyrənirlər. Bu şəkildə mövzu şagirdlərə daha aydın və yaddaqalan formada çatdırılır.
STEMART Robotika və Proqramlaşdırma mərkəzinin akademik direktoru Kamran Əsgərov kaspi.edu.az-a bildirdi ki, məktəblərimizdə “Robotika əsaslı STEAM” dərsləri Amerika brendi olan VEX Robotika şirkətinin istehsal etdiyi VEX GO, VEX IQ və Danimarka brendi olan məşhur Lego WeDo 2.0, Lego Mindstorms EV3 dəstləri vasitəsilə tədris olunur.
“Robotex International” festivalının təcrübəsi
Kaspi Liseyinin şagirdləri STEAM biliklərini təkmilləşdirərək müxtəlif yarışmalara, olimpiadalara qoşulurlar. Keçən ilin 5-7 noyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən “Robotex International 2021” festivalında iştirak etməklə şagirdlər böyük təcrübə qazanıblar. Qeyd edək ki, 2001-ci ildən bəri hər il təşkil olunan bu olimpiada Avropada keçirilən ən böyük robotika tədbiri hesab olunur.
Kaspi şagirdləri olimpiadada “Robomiku Lego Sumo” və “Robomiku Lego Line Follower” kateqoriyaları üzrə yarışlara qoşulub. Birinci komandamız 48 komanda arasında qrup mərhələsini uğurla başa vuraraq 12 komandadan ibarət final mərhələsinə keçib və 6-cı yerə layiq görülüblər. Bu olimpiadaya 13 yarış növü üzrə 600-dən çox iştirakçı qatılıb. Ümumilikdə liseyin şagirdlərinin festivalda əldə etdiyi nəticə qənaətbəxş hesab olunur.
“STEAM Azərbaycanda”kı uğur
Kaspi Liseyinin şagirdləri ölkəmizdə ilk dəfə keçirilən STEAM Azərbaycan Festivalı (SAF- 2021) yarışlarında da uğur qazanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən ölkənin 6-11-ci sinif şagirdləri üçün Baku Expo Mərkəzində təşkil olunan festival çərçivəsində yarışlarda “STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior", "Line folower", "3D Cad", "Short movie", "Edu dron", Humanoid robot üzrə kateqoriyaları istiqamətində reallaşıb.
Kaspi Liseyinin 10 komandası (20 şagirdi) yarışlarda iştirak edib. Kamran Əsgərov qeyd edir ki, ümumi olaraq 9 komanda sırf robotika, bir komanda proqramlaşma sahəsində yarışıb: “Bir kateqoriyada şagirdlərimiz ilk üçlükdə yer aldılar və Bürünc medala layiq görüldülər. Digər kateqoriya “Lego Sumo” oyunu idi. Bu yarışlarda 9-cu sinifdən ibarət komandamız 1-ci yerə layiq görüldü və Qızıl medal qazandı”.
Şagirdlərimizin ixtiraları
2019-cu ildə “Kaspi” Liseyinin 9-cu sinif şagirdi Faiq Nəcəflinin yeni riyazi yanaşması böyük diqqət çəkdi. Gənc tədqiqatçının “Natural ədədlərin 11-ə, 13-ə, 17-ə, 19-a, 29-a və 37-yə bölünməsinin yeni əlaməti” adlı riyazi yanaşması yerli elmi jurnallarda yer almaqla yanaşı, Moskvada elmi jurnallarda çap olunub. Məzunumuzun bu yeniliyi gələcək nəsillər üçün natural ədədlərin bölünmə əməllərini sadələşdirib. Bu yeni üsul təbii olaraq yerli və xarici elm cəmiyyətlər tərəfindən marağla qarşılanmış və dəyərləndirilib.
Liseyin digər şagirdlərinin böyük maraq doğuran bəzi ixtiralarını təqdim edirik:
1. Smart bin - Ağıllı zibil qutusu
Əzizağa Hüseynov və Murad Qurbanlı
Infomatrix(2017) – gümüş medal
2. Daşqınlar zamanı evlərin mühafizəsi
Həsən Hacı-Həsənli, Suad Mehbalıyev, Nərmin Nadirova
Dünya Robot Olimpiadası (2017) – Azərbaycan – Qızıl medal
3. Vine Grower – Üzüm bağlarının avtomatlaşdırılması
Hüseyn Nadirov, Züleyxa Salahova, Aysu Bayramova
Dünya Robot Olimpiadası – Azərbaycan – Qızıl medal
Infomatrix(2018) – bürünc medal
Sabahın alimləri (2018) – bürünc medal
4. Easy Go – Ağıllı tur proqram təminatı
Infomatrix(2018) – bürünc medal
5. Witty Chef – Ağıllı aşbaz proqram təminatı
Yusif Yusifli, Ramin Oruclu
Sabahın alimləri(2018) – gümüş medal
Infomatrix(2018) – bürünc medal
Yarışlar bizi gözləyir
K.Əsgərov liseyin robotika komandasının qarşıdakı yarışlarından da danışdı. Belə ki, “Stemart.az” və Türkiyənin “EduCat hub” şirkətinin birgə təşkil edəcəyi bir “VEX – IQ Challenge” yarış liseyin komandasını gözləyir. Aprel ayına təsadüf edəcək yarış Türkiyə-Azərbaycan qardaşlığına həsr olunacaq. Bu yarışlarda qalib gələn şagirdlər ABŞ-ın Texas ştatında final yarışlarına qoşulacaqlar. Həmçinin şagirdlərimiz iyun ayında ABŞ-da keçiriləcək “Genius” olimpiadasında iştirak edəcəklər. “Dünya Robot olimpiadası”, “Teknofest” və “Sabahın alimləri” müsabiqəsində də komandalarımızın iştirakı nəzərdə tutulur.
Kaspi Liseyinin şagirdlərinə gələcək yarışmalarda və ixtiralarında uğurlar arzulayırıq!