Kaspi Beynəlxalq Məktəbində Qış yarmarkası
Şəhid və qazi ailələrinə yardım aksiyası keçirildi
Kaspi Beynəlxalq Məktəbinın (Kaspi İnternational School) təşkil etdiyi “Qış yarmarkası” məktəbin şagird və valideynləri tərəfindən maraqla qarşılanıb. Xeyriyyə məqsədilə təşkil edilən yarmarkada məktəbəhazırlıq qrupunun şagirdləri, 1-3-cü siniflərdə oxuyan şagirdlər və onların valideynləri iştirak ediblər. Məktəb kollektivinin Valideyn Komitəsi ilə birgə təşkil etdiyi tədbirdə şagirdlər müxtəlif sosial fəaliyyətlərə - idman yarışlarına, şirniyyat bəzəmə və hazırlama və s. tədbirlərə qatılıblar.
Məktəbin foyesində təşkil olunan yarmarkada yeni il hədiyyələri, şirniyyatlar, dekorlar, ərzaqlar və s. sərgilənib. Kaspi Beynəlxalq Məktəbin direktoru Renata Novruzova kaspi.edu.az-a bildirdi ki, xeyriyyə tədbirində əldə olunan vəsaitlə şəhid və qazi ailələrinə dəstək göstəriləcək: “Yarmarkanın təşkilində məqsəd həmçinin şagirdlərin sosiallaşmasıdır. Uşaqlar valideyn və müəllimlərlə birgə işləməyi öyrənirlər. Bu, onların sosiallaşmasına kömək edir. Həmçinin bu tədbir valideynlərin məktəb həyatında rollarını təmin edir”.
Valideyn Əminə Ozkundakçı bu tip xeyriyyə tədbirlərinin şagirdlər üçün böyük əhəmiyyəti olduğunu bildirir: “Bu yarmarka uşaqlar üçün həm əyləncəli, həm də öyrənmək məqsədi daşıyır. Onlar birlikdə işləməyi, həmçinin başqalarına kömək etməyi öyrənirlər”.
Xeyriyyə yarmarkalarının məktəbdə bundan sonra da keçirilməsi nəzərdə tutulur..