XƏBƏRLƏR

Azərbaycan sevdalısı və mədəni irsimiz

Kaspi Ağ Şəhər Liseyi iki dahi şəxsiyyəti andı

Hər bir xalqın taleyində mühüm rol oynayan, onu inkişafa aparan, dünya ölkələri sırasına çıxaran, siyasətini, mədəniyyət və incəsənətini, ədəbiyyatını inkişaf etdirən dahilər olur. Azərbaycan xalqı da belə şəxsiyyətlər - Babək, Cavanşir kimi görkəmli sərkərdələr, Nizami, Füzuli, Nəsimi, Vaqif kimi klassiklər, Heydər Əliyev kimi siyasi liderlər yetişdirib. Bu görkəmli şəxsiyyətlər zaman-zaman Azərbaycanın adını dünya ölkələri sırasına yazdırıb.

Kaspi Ağ Şəhər Liseyində keçirilən “Azərbaycan sevdalısı və mədəni irsimiz” adlı tədbir də təhsil müəssisəsinin şagird və müəllim kollektivini, valideynləri ölkəmizin tarixində böyük rol oynayan iki dahi şəxsiyyətin – 12 dekabrda anım günü keçirilən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, bu il 880 illiyi qeyd olunan dahi mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının işığına topladı.

Pandemiya şəraiti nəzərə alınaraq canlı və onlayn keçirilən tədbirə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla anmaqla və müstəqil Azərbaycanın Himni ilə start verildi.

17 ildən sonra gerçəkləşən arzu

“Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”- deyən ulu öndərin həyat yolu, siyasi fəaliyyəti haqqında nümayiş etdirilən videoçarx tədbir iştirakçılarına ümummilli liderin həyat yolu haqqında geniş məlumat verdi: “Ulu öndər Azəbaycanın inkişaf yolunun əsas istiqamətlərini, siyasi xəttinin ardıcıl inkişafını müəyyənəşdirib. Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir”- deyə qeyd edildi. “Təsadüfi deyil ki, dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı vətən və dövlət qarşısında gördüyü böyük işlərə, ölkəmizin inkişafına çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirib. Bu gün də anım və doğum günlərində ehtiramla anır, xatirəsini əziz tutur”.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək qeyd etdi ki, bu gün də ölkəmizdə ulu öndərin dövlətçilik ideyalarının davamı olaraq genişmiqyaslı quruculuq işləri həyata keçirilir: “Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır”. S.Vəliyeva “Azərbaycan öz torpaqlarının sahibi olacaq”- deyən ulu öndərin 17 ildən sonra gerçəkləşən arzusunu xatırladı: “Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, milli ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində əks hücum əməliyyatları ilə torpaqlarımız işğaldan azad olundu. Ulu öndərin arzusu gerçəkləşdi”. S.Vəliyeva ulu öndərin ədəbiyyat və incəsənətə sonsuz marağı olduğunu və bu sahənin insanlarına həmişə böyük diqqət göstərdiyini qeyd etdi: “Elə bugünkü tədbir də Heydər Əliyev dahiliyi, uzaqğörənliyi və müdrikliyi ilə Nizami Gəncəvi böyüklüyündən doğan ideyaların uğraşdığının timsalıdır”

Siyasət və ədəbiyyat

Tədbirdə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə digər sahələrlə yanaşı ədəbiyyat, incəsənət və mədəniyyətə də yüksək qiymət verdiyi vurğulandı.  “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyətimizi, incəsənətimizi,  ziyalımızın hörmətini nə qədər qaldırsaq o qədər də bəlalardan, çətinliklərdən, cəmiyyətimizdə olan mənfi hallardan tez xilas ola bilərik”- deyə ulu öndərin fikirləri səsləndi.

Kaspi Ağ Şəhər Liseyinin direktoru Səbinə Əliyeva “Azərbaycan sevdalısı və mədəni irsimiz” tədbirini ölkəmizin həyatında mühüm rol oynayan iki böyük şəxsiyyətin həyat yolu və fəalyyətini işıqlandırmaq baxımından əhmiyyətli adlandırdı: “Biz adətən ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən danışırıq, amma təqdimatlar ulu öndərin Azrbaycanın tarixinə, klassikasına, mədəniyyət və incəsənətinə necə böyük diqqət göstərdiyini xatırlatdı”. S.Əliyeva Kaspi Liseyinin həmçinin dahi Nizami İlinə öz töhfəsini verdiyini qeyd etdi: ”Nizami Gəncəvi nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərlə böyük sənətkarın əsərlərindən ilham alıb, ondan sənətkarlıq öyrənib, onun irəli sürdüyü mütərəqqi fikirləri tərənnüm edərək şairi böyük ustad kimi xatırlayıblar”.

Şeirlər, nəsihətlər, səhnəciklər...

Tədbirdə Prezident İlhamə Əliyev tərəfindən elan edilən “Nizami İli”nə həsr olunan şeirlər, kompozisiyalar səsləndi. Məktəb xorunun “Vətənim Azərbaycan ”ı, “Sevgili canan ” romans-qəzəli tədbirə xoş ovqat qatdı. Şagirdlərin ifasında dahi şairin  “Sirlər xəzinəsi”, “Kərpickəsən qocanın nağılı” əsərləri əsasında hazırlanan səhnəcikləri, ibtidai sinif şagirdlərinin ifasında görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl ” baletindən valsı maraqla qarşılandı.

Liseyin kitabxanasının Nizami Gəncəvi yaradıcılığı ilə bağlı hazırladığı videoçarx nümayiş olundu.

Tədbirdə həmçinin Nizami Gəncəvinin yubileyi ilə əlaqədar keçirilən müsabiqələrin qaliblərinin mükafatlandırılması keçirildi.

10.12.2021