Zəfər Gününə həsr olunan Bilik yarışı başa çatdı
Kaspi Təhsil Şirkəti qalibləri mükafatlandırdı
Kaspi Təhsil Şirkətinin Zəfər Gününə həsr etdiyi “Bilik yarışı” başa çatıb. Azərbaycan və rus bölmələrinin II, III, IV, V, VI, VII və VIII sinif şagirdləri üçün keçirilən yarışmada iştirak edən 1200-ə yaxın şagirddən 57 nəfər müxtəlif yerlər üzrə qalib elan olunub.
Kaspi Ağ Şəhər Liseyində keçirilən Bilik yarışının yekununa həsr olunan tədbirdə qalib gələn şagirdlər və onların valideynləri iştirak ediblər.
Kaspi Təhsil Şirkəti üzrə akademik rəhbər Rəsul Ağayev qeyd etdi ki, Bilik yarışı şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarını artırmaq, tədrisin keyfiyyətini yüksəltmək məqsədilə keçirilir: “Yarışmanı keçirməkdə əsas məqsəd şagirdlərin maraqlarını elmə, maarifləndirici yarışlara yönəltmək, yeni biliklər qazandırmaq, intellektual səviyyələrini yüksəltmək və istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir”. R.Ağayev Bilik yarışının “Zəfər Günü”nə təsadüfən həsr olunmadığını bildirdi: “Biz yarışı Vətən Müharibəsindəki Qələbə Gününə təyin etmişik. 8 Noyabr Şuşanın işğaldan azad olunduğu gündür. Həmçinin həmin gün ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Torpaqlarımız 30-ilə yaxın ermənilərin işğalında oldu. Hazırda həmin bölgələrdə quruculuq işləri həyata keçirilir. Hamımız bu Zəfər yolunun davamçıları olacağıq. Sizin Zəfər Gününüə töhfəniz isə yaxşı oxumaq, ölkəmizin gələcək inkişafına töhfə vermək, daha böyük bilik yarışlarında iştirak etmək və yaxşı nəticələr qazanmaqdır”.
Bilik yarışının qaliblərindən biri – 54 saylı məktəbin 4-cü sinif şagirdi Xuraman Quliyeva belə bir müsabiqənin keçirilməsinə görə Kaspi Təhsil Şirkətinə təşəkkürünü bildirdi: “Bilik yarışmasında iştirak etdiyimə və qaliblər sırasında olduğuma görə sevincliyəm. Bu, bizim biliklərimizi üzə çıxarmağa kömək edir, özümüzə inamı artırır”.
204 saylı məktəbin şagirdi Məryəm Xankişiyeva Bilik yarışında 2-ci yerə layiq görülməsindən sevinc hissi yaşayır: “Bundan sonra da “Kaspi”nin təşkil etdiyi bilik yarışlarında iştirak edəcəyəm. Bu yarışlar bizi oxumağa daha da həvəsləndirir”.
Sumqayıt şəhər Polad Haşimov adına 28 saylı məktəbin şagirdi Hülya Mirzəzadə də sevinclidir: “Növbəti müsabiqədə 1-ci yer uğrunda mübarizə aparacağam”- deyir: “Əsas odur ki, “Kaspi” bizə bu fürsəti yaradır. Biliklərimizi yoxlamaq üçün bu yarış yaxşı imkandır”.
Qeyd edək ki, Bilik yarışında hər sinif üzrə 85 baldan yuxarı nəticə göstərən ilk 3 şagird diplom və hədiyyələrlə mükafatlandırılıb. Qaliblərə
qiymətli hədiyyələr, diplom və sertifikatlar təqdim olunub.
Kaspi Təhsil Şirkəti bundan sonra da şagirdlərin intellektual inkişafına, bilik və bacarıqlarının formalaşmasına yönəli Bilik yarışlarının keçirilməsini davam etdirəcək.