XƏBƏRLƏR

Mən Qələbəsiz dönmədim, Vətən...

Zəfər Günümüzü qeyd edirik

“Şəhidlər ölməz, Vətən bölünməz!”, “Şəhidlər Vətən daşıdır”, “Vur, komandir, vur”, “Başını dik tut, şəhid anası...” 44 günlük Vətən müharibəsinin böyükdən-kiçiyə dilinin əzbərinə, az qala aforizmə çevirdiyi cümlələr var. Bu fikirlər insanlarımızı daim qürurlanmağa, şəhid analarımızı başlarını dik tutmağa, gənclərimizi qəhrəmanların həyat yolundan öyrənməyə, şagirdlərimizi Vətənin böyüklüyünü anlamağa sövq edir.  Çünki 44  günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.

Kaspi Liseyinin Ağ Şəhər Filialında “Mən qələbəsiz dönmədim” tədbiri də 8 Noyabr Zəfər gününə - şəhidlərimizin əziz xatirəsinə, igid qazilərimizə, böyük Qələbəmizin qürurunu yaşayan insanlarımıza həsr olundu. “Bu gün artıq Bayrağımız niskillə deyil, şərəflə, qürurla dalğalanır. Bu gün artıq 30 il düşmən işğalında olan torpaqlarımızın azadlığını fəxrlə bayram edirik. Bu gün böyük qürur və sevinc hissi ilə Zəfər bayramını qeyd edirik!”- deyə tədbirin aparıcıları olan şagirdlər qürurla səsləndilər.

Şəhidlərimizin əmanəti

Bütün bəşəriyyətin əmin-amanlıq, sülh istədiyini deyən Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva dünyanın ayrı-ayrı nöqtələrində hələ də münaqişə ocaqlarının olduğunu söylədi: “Bu münaqişələrin haqlı və haqsız olanı var. Amma bizim müharibəmiz haqq müharibəsi idi. 2-ci Qarabağ müharibəsi sonunu sülhlə gözlədiyimiz, amma sülhlə əldə edə bilmədiyimiz müharibə oldu. Bir millət öz torpağını ala bilmirsə bu, onun yarasına çevrilir. Keçən il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə biz haqq savaşımıza başladıq və addım-addım qələbəyə yaxınlaşdıq. 44 gün ərzində şəhidlər verdik, amma torpaqlarımızı geri aldıq. Əgər bir torpağın uğrunda öləcək və vuruşacaq övladları varsa o torpaq Vətən olacaq”. S.Vəliyeva tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə səsləndi: “Başınızı dik tutun! Bir ananın övladı qazi olursa, Vətən qəhrəmanına çevrilirsə o, artıq bütün xalqın övladı olur. Biz  yüksək qeyrətə malik oğullar itirmişik. Sizin övladlarınız, həyat yoldaşlarınız bütün xalqın oğullarıdır”. Kaspi Liseylərində şəhid övladlarının təhsil aldığını deyən S.Vəliyeva “Onlar bizə əmanətdir” deyə vurğuladı: “Diqqətimiz daim o uşaqların üzərindədir. Onlar şəhidlərimizin bizə əmanətidir. Hər bir şəhidimizin məkanı cənnətdir. Bu Vətən onları heç vaxt unutmayacaq!”.  

 

Tariximizin şərəfli günləri

Kaspi Ağ Şəhər Liseyinin direktoru Səbinə Əliyeva “Qələbəsiz donmədim” tədbiri ilə həm 8 Noyabr Zəfər Gününü, həm də 9 Noyabr Bayraq Gününü qeyd etdiklərini bildirdi: “Hər iki gün  bizim tariximizin şərəfli hissəsidir. Biz müharibəni, 44 günlük qələbəmizin əhəmiyyətini daim uşaqlara xatırlatmalıyıq. Qoy onlar yurdumuzun hər qarışının qədrini bilsinlər, onu sevsinlər!” S.Əliyeva qeyd etdi ki, bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər: “Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!”

Bütün şəhidlər qardaşımızdır

Kaspi Ağ şəhər liseyinin direktor müavini Elvin İsgəndərovun qa dardaşı Vətən müharibəsində - Suqovuşan uğrunda döyüşlərdə  şəhid olub: “Bütün şəhidlər bizim qardaşımızdır. Biz onların qoyub getdiyi qəhrəmanlıq irsini  şagirdlərimizə ötürməliyik. Düşmən hələ də hiyləgərdir. Biz həmişə ayıq-sayıq olmalıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Tədbirdə 44 günlük müharibəni əks etdirən kadrlar nümayiş olundu. Lisey şagirdlərinin ifasında Vətənə, şəhidlərə, Qarabağa həsr olunan şeirlər və kompozisiyalar səsləndi.

Sonda tədbirdə iştirak edən Vətən müharibəsi şəhidlərinin həyat yoldaşlarına hədiyyələr təqdim olundu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Zəfər Bayramımız mübarək!

04.11.2021