XƏBƏRLƏR

Kaspi Məzunlarının yeni uğurları ictimaiyyətə təqdim olundu

Kaspi Məzunlarının yeni uğurları ictimaiyyətə təqdim olundu

Dünən abituriyent, bu gün tələbə…

Kaspi Abituriyent Hazırlığı Kursları 2020/2021-ci tədris ilində 600 baldan yuxarı nəticə göstərən və tələbə adını qazanan məzunlarını, Prezident təqaüdçülərini bir yerə topladı. Hesabat tədbiri müəllim, valideyn və yenicə tələbə adını qazanan gənclərin sevinclərini bölüşmək, qazandıqları uğurların sirrini paylaşmaq, davamçıları olacaq şagirdlərə motivasiya olmaq üçün əsl fürsət oldu. Kaspi Liseyinin Bakıxanov filialında keçirilən görüş iştirakçıların yaddaşına xoş anlarla yazıldı.

“Məzunlarımızın qazandıqları uğurlara şərik olmaq, onların nəaliyyətlərinə birgə sevinmək üçün burdayıq”- deyə Kaspi Abituriyent Kursları üzrə akademik rəhbər Rəsul Ağayev qonaqları salamlayaraq Kaspi Təhsil Şirkətinin keçdiyi uğurlu yola qısa nəzər saldı. Belə ki, 2007-ci ildən fəaliyyətə başlayan təhsil müəssisəsi bu tədris ilində 15 illik yubileyini qeyd edəcək. Bu illər ərzində Kaspi Təhsil Şirkətinə daxil olan müəssisələr 42 Prezident təqaüdçüsünün sevincini paylaşıb. 600-dən çox bal toplayan məzunların sayı 500-ə yaxınlaşır: “Bütün istiqamətlərdə fəaliyyətimizi daim təkmilləşdirməyə çalışmışıq. Amalımız təhsil almaq üçün “Kaspi”ni seçən bütün vətəndaşlarımıza keyfiyyətli xidmət etməkdir”.

 

Müəllim-şagird-valideyn birliyi

 

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva tədbirin Müstəqilliyimizin Bərpası Günü ərəfəsinə təsadüf etməsindən sevinc duyduğunu vurğuladı: “Ölkə başçısı İlham Əliyev “Müstəqillik Günü” ilə bağlı Qanunu imzaladı. Bundan sonra 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək. Bu tarix Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. Bu bayram münasibəti ilə hamınızı təbrik edirəm!”. S. Vəliyeva qeyd etdi ki, təhsildə qazanılan uğur bütün cəmiyyətindir: “Ulu öndər təhsilə böyük önəm verirdi. Bu siyasət bu gün də ölkəmizdə davam etdirilir. Biz də qürur duyuruq ki, Azərbaycan dövlətinin təhsil siyasətinə töhfə veririk”.

S.Vəliyeva tələbə adını qazanan “Kaspi” məzunlarına  səslənərək onların nəailiyyətlərini yüksək dəyərləndirdi: “Qazandığınız uğur sizin gecəli-gündüzlü zəhmətinizin bəhrəsidir. Məzunlarımız bizim etimadımızı doğrultdular. Biz artıq sizin taleyinizdən nigaran deyilik. Bilirik ki, elm və təhsil yolundasınız”. S.Vəliyeva bu uğurda böyük payı olan müəllimlərin əməyini xüsusi qeyd etdi: “Məzunların yüksək nəticə toplamasında müəllimlərimizin əməyi böyükdür. Onlar həm bağban, həm də inşaatçıdırlar. Müəllimlərin əməyi, şagirdlərin çalışqanlıqı və valideynlərin diqqəti sayəsində birgə uğur qazanılır. Hamınızı təbrik edirəm!”

 

Dürüstlük, mükəmməllik, etibarlılıq, hörmət və məsuliyyət

Kaspi Təhsil Şirkəti İdarə Heyətinin üzvü Aydın Əliyev “Kaspi” nin təhsil siyasətində şagirdlərə təlim-tərbiyənin əsasən 5 dəyər üzərindən– dürüstlük, mükəmməllik, etibarlılıq, hörmət və məsuliyyət dəyərləri vasitəsilə aşılandığını qeyd etdi: “Məhz bu dəyərlər üzərindən təhsilə yiyələnən şagirdlərimiz milli-mənəvi dəyərlərlə də tərbiyə olunurlar. Onlar əsl vətəndaş kimi yetişirlər. Qarşıda çox işlər var. Bu, uğura aparan yolun ilk pilləsidir. İnanıram ki, məzunlarımız bu yolun bütün pillələrində uğurlara nail olacaqlar”. A.Əliyev məzunlara “Kaspi” məzunu olmaqlarını heç vaxt unutmamağı tövsiyə etdi: “Kaspi məzun”u adı bir statusdur. Bu ada həmişə layiq olmağınızı və qorumağınızı arzu edirəm!”

 

Uğurlu marafon

Kaspi Liseyi Bakıxanov filialının direktoru Sahil Əliyev liseyin fəaliyyətindəki yeniliklərə toxundu:  “Kaspi liseylərində İKT və Robotika əsaslı STEAM dərsləri uğurla tədris olunur. Beynəlxalq tədris proqramı əsasında keçirilən dərslər hazırda I-II və V-VI sinifləri əhatə edir. İngilis dilinin tədrisi artırılıb. Kembric proqramı üzrə dərslərin miqdarını ikiqat artırmışıq. Proqram I-VIII sinifləri əhatə edir. Xaricdə təhsili genişləndirmək üçün Alman dili kurslarına start verilib. Bu, tibb təhsilini Avropada davam etdirmək istəyən gənclərə dəstək məqsədilə həyata keçirilir. Şagirdlərin hərtərəfli inkişafı üçün bütün imkanlarımızı səfərbər edirik. Onların milli dəyərlər istiqamətində tərbiyəsi bizim üçün prioritetdir. Biz bu kütləni daha da genişləndirməyi düşünürük”. S.Əliyev tələbə adını qazanan məzunları və onların valideynlərini təbrik etdi: “Məzunlarımız bir təhsil marafonunu uğurlu şəkildə başa vurdular. Bu, bir mərhələnin başlanğıcıdır. Onların bundan sonra da uğur qazanacağına, həyatda özlərinə yer tutacaqlarına, ən əsası, layiqli vətəndaş olacaqlarına əminəm!”

Kaspi Abituriyent Qəbələ nümayəndəliyinin direktoru Tahir Məsimov da məzunlara uğurlar arzuladı: “Sizin uğurunuz bizim uğurumuzdur. Biz uğur qazanan məzunlarımızın nəaliyyətləri ilə fəxr edirik. Kaspi Təhsil Şirkəti ilə əməkdaşlıqdan qürur duyuruq!”

 

“Kaspi”yə minnətdarıq!

Kaspi Liseyinin Bakıxanov filialının məzunu, Prezident təqaüdçüsü Elanə Heydərovanın anası Sevinc Heydərova “Bir şagirdin uğuru bütün məktəbin uğurudur” deyə sevincini bölüşdü: “Mənim uğurum “Kaspi”nin uğurudur. Buna görə Kaspi müəllimlərinə təşəkkür edirəm!”

Xətai filialının məzunu, Prezident təqaüdçüsü Aysu Hüseynzadənin atası Eldar Hüseynzadə uğur qazanan, tələbə adına layiq görülən gəncləri dövlətimizin gələcəyi adlandırdı: “Bu gənclər gələcəyin alimləri, mütəxəssisləridir. Ölkənin gələcəyi onların əlindədir. Bu gün məzunların tələbə adı qazanmasında Kaspi filiallarının müəllimlərinin danılmaz əməyi var. Hamınıza təşəkkür edirəm!”

 

Müəllimlərimizə borcluyuq!

 

Prezident təqüdçüsü Cəmşid Cəmaləddinli təhsil aldığı Kaspi Sumqayıt filialının müəllimlərinə təşəkkür etdi: “Məhz müəllimlərimin zəhməti sayəsində bu uğura nail olmuşam. Prezident təqaüdçüsü olduğuma görə qürur duyuram. Qazandığım uğurda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm!”

Prezident təqaüdçüsü Aysun Hüseynzadə həm tələbə adını qazanmasına, həm də təqaüdə layiq görülməsinə görə özünü xoşbəxt hiss etdiyini dedi:

 “Kaspi” müəllimləri pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq şagirdlərə həmişə peşəkar yanaşdılar. Bizə həmişə stimul verdilər. Uğur qazanmağımızda bu başlıca amil oldu”.

Kaspi Təhsil Mərkəzinin Qəbələ Nümayəndəliyinin məzunu Əsmər Ağayeva müəllimlərinin əməyini yüksək dəyərləndirdi: “Bir şagirdin həyatında ən böyük rolu müəllimləri oynayır. Uğurumuza görə müəllimlərimizə borcluyuq. Tələbə adını qazanmağımız, təqaüdə layiq görülməyimiz biz gənclər üçün böyük stimuldur. Sevinirəm ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsiyəm. Bütün gənclərə belə bir sevinci yaşamağı arzulayıram. Prezident İlham Əliyevə bizə dəstək göstərdiyinə görə ailəmiz və region gəncləri adından minnətdarlıq edirəm!”

Prezident təqaüdçüsü Cəvahir Yusifzadə təhsilini ali məktəblərdə davam etdirmək istəyən gənclərə üz tutdu: “Əziz şagirdlər, heç vaxt  həvəsdən düşməyin. Uğurun sirri gecə-gündüz çalışmaqda, məqsədə doğru irəliləməkdədir!”

Tədbirdə yüksək nəticə toplayan məzunlara və Prezident təqüdçülərinə özəl tələbə hədiyyələri təqdim olundu. Həmçinin məzunların tələbə adı qazanmalarında böyük əməyi olan müəllimlər də mükafata layiq görüldülər.

Kaspi Təhsil Şirkəti olaraq məzunlarımızı təbrik edir, gələcək təhsillərində uğurlar arzulayırıq!

19.10.2021