Kaspi Liseyinin şagirdləri beynəlxalq ingilis dil sertifikatı qazandı
Kaspi Liseyinin şagirdləri beynəlxalq ingilis dil sertifikatı qazandı
Mərkəzin planları genişdir
Cambridge Assessment English təşkilatının Azərbaycandakı rəsmi nümayəndələrindən olan Peşəkar Təlim və İmtahan Mərkəzinin (PTİM) keçən həftə sonu Kaspi Liseyi Bakıxanov filialında sertifikat təqdimetmə mərasimi iştirakçılara unudulmaz anlar yaşatdı. Mərkəz Kaspi Liseyinin Bakıxanov və Ağ Şəhər filiallarında təhsil alan şagirdlərin Cambridge English imtahanlarına hazırlanmasında xüsusi rol oynamış ingilis dili müəllimlərinə təşəkkürnamələr, eyni zamanda iyun ayında mərkəzdə keçirilən rəsmi Cambridge English imtahanlarında iştirak etmiş 100-dən çox şagirdə sertifikatlar təqdim etdi.
Mərasimdə Peşəkar Təlim və İmtahan Mərkəzinin imtahanlar üzrə meneceri Şəhla Quliyeva mərkəzin fəaliyyəti haqqında məlumat verərək qeyd etdi ki, Cambridge Assessment English təşkilatının Azərbaycandakı rəsmi nümayəndələrindən biri olan Mərkəz 2015-ci ilin avqust ayında fəaliyyətə başlayıb: “Cambridge Assessment English dünyanın aparıcı universitetlərindən biri olan Kembric Universitetinin bir şöbəsidir. Bu təşkilat ingilis dilinin tədris edilməsi və qiymətləndirilməsi ilə bağlı 100 illik təcrübəyə malikdir. Hər il dünyada 500 mindən çox namizəd Cambridge Assessment English-in təşkil etdiyi müxtəlif növ imtahanlarda iştirak edir. Təşkilatın verdiyi sertifikatlar dünyanın müxtəlif ölkələrində yerləşən 25 mindən çox qurum tərəfindən tanınır”.
Mərkəz fəaliyyətinin ilk 2 ilində əsasən Kaspi Təhsil Şirkəti ilə əməkdaşlıq edib. 2017-ci ilin oktyabr ayında isə artıq açıq mərkəz statusu əldə edərək Azərbaycanda bir sıra təhsil qurumları ilə əməkdaşlığa başlayıb. Mərkəz 2018-ci ilin dekabrında İqtisadiyyat Nazirliyinin verdiyi Əlavə Təhsil Müəssisəsi lisenziyasını əldə edib.
Ş.Quliyeva məlumat verdi ki, Cambridge Assessment English ingilis dilinin qiymətləndirilməsinə yönəlmiş imtahanlarla yanaşı müəllimlərin pedoqoji bilik və bacarıqlarını qiymətləndirən imtahanlar da təşkil edir: “Cambridge Assessment English həmçinin ibtidai, orta və yuxarı sinif şagirdləri üçün xüsusi olaraq hazırlanmış ingilis dili imtahanları da təşkil edir. YLE, yəni young learner english imtahanları 7-12 yaş arası şagirdlər üçün nəzərdə tutulur. Digər imtahanlar isə 12 yaşından yuxarı şagirdlərin ingilis dili bilik və bacarıqlarını qiymətləndirmək üçündür. Peşəkar Təlim və İmtahan Mərkəzində göstərilən bütün imtahanlarda iştirak etmək mümkündür. Hər bir modul ingilis dilinin tədrisi ilə bağlı fərqli sahəni əhatə edir. Bizim mərkəzimizdə TKT imtahanının bütün modulları üzrə imtahanlar keçirilir”.
Mərkəzin gələcək planlarından danışan Ş.Quliyeva diqqətə çatdırdı ki, əsas hədəflərdən biri təşkil edilən beynəlxalq təlimlərin çeşidini genişləndirməkdir: “Bu məqsədlə də yaxın zaman ərzində CELTA və TKT təlimlərinə başlayacağıq. Eyni zamanda, yeni imtahanların təşkilini də nəzərdə tuturuq. Bu səbəbdən də bu ilki hədəflərimizdən biri Cambridge English Advanced və Cambridge English Proficiency imtahanlarını keçirmək üçün rəsmi səlahiyyət əldə etməkdir”.
Kaspi Təhsil Şirkətinin idarə heyətinin sədri Sona Vəliyeva qonaqları salamlayaraq qeyd etdi ki, PTİM ilk fəaliyyətə başladığı gündən müxtəlif mərkəz və liseylərlə əməkdaşlığa imza atıb: “Mərkəzin ən böyük və uğurlu əməkdaşı Kaspi Təhsil Şirkəti və bu şirkətə məxsus Kaspi Liseyləridir. Bu gün biz uğurlu işbirliyinin nəticəsini sevinclə qeyd edirik. Mərkəzin digər təşkilatlarla əməkdaşlığının da uğurlu nəticələri var ”.
S.Vəiyeva Kaspi Təhsil Şirkəti ilə əməkdaşlıq edən Kembric English hazırlıq mərkəzlərinə sertifikatlar təqdim edib.
KTŞ-nin İnkişaf Proqramları İdarəsinin direktoru Əli İsgəndərov şagirdlərin nəaliyyət qazanmasında böyük rol oynayan ingilis dili müəllimlərinə minnətdarlıq edərək onlara təşəkkürnamələr təqdim etdi.
Filiallar İdarəsinin direktoru Aydın Əliyev hər iki Kaspi liseyindən Preliminary English Test (PET) imtahanında iştirak etmiş şagirdlərə sertifikatlar təqdim ediblər. Liseylər İdarəsinin direktoru Aqil Allahverdiyev və Kaspi liseyi üzrə akademik koordinator Məhəmməd Nağıyevin Kaspi liseylərindən KEY English Test (KET) imtahanında iştirak etmiş şagirdlərə təqdim etdikləri sertifikatlar alqışlarla qarşılanıb. Həmçinin hər iki Kaspi liseyindən Young learners English imtahanlarında iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub.
Bakıxanov filialının direktoru Sahil Əliyevin, Ağ Şəhər Liseyinin direktoru Səbinə Əliyevanın Flyers imtahanında iştirak etmiş lisey şagirdlərinə təqdim etdiyi sertifikatlar şagirdlərə unudulmaz anlar bəxş edib.
Tədbirdə həmçinin ingilis dili üzrə fənn rəhbəri Elnurə İncə hər iki Kaspi liseyindən Movers imtahanında iştirak etmiş şagirdlərə sertifikatlar təqdim edib. Eləcə də 5-8ci siniflər üzrə direktor müavinləri Fidan Səfərova və Vüsalə Səfərovanın Starters imtahanında iştirak etmiş hər iki liseyin şagirdlərinə təqdim etdiyi sertifikatlar mərasimdə xoş ovqat yaradıb.
Təşkilatın rəhbərliyi və müəllimləri bundan sonrakı fəaliyyətlərində də uğurlar qazanacaqlarına əmin olduqlarını bildiriblər.
Kaspi Liseylərinin müəllim və şagirdlərinə gələcək hədəflərində uğurlar arzulayırıq!