Xətai rayonunda Şəhidlər Parkı açıldı
Kaspi Liseyinin şagirdinin atasının adı da əbədiləşdirilib
Xətai rayonunda, General Şıxlınski 23 ünvanında açılan park şəhidlərin adını daşıyacaq. Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun və Birinci Qarabağ müharibəsinin şəhidləri Fəzair Ziyadov, Nadir Mahmudovun adını daşıyan parkda qəhrəman şəhidlərin xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə hər üç şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açılıb.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu qeyd edilib. Məktəblilər şəhidlərimizə həsr olunmuş mahnı və şeir nomrələri ilə çıxış ediblər.
Kaspi Ağ şəhər liseyinin 9B sinif şagirdləri və müəllimləri, eləcə də liseyin rəhbər işçiləri mərasimdə iştirak ediblər. Mayor Rüfət Əsgərov yeni tədris ilindən liseyimizdə ödənişsiz təhsil alan 9B sinif şagirdi Xansuvar Əsgərlinin atasıdır.
Qeyd edək ki, Kaspi Təhsil Şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək göstərir. Kaspi Təhsil Şirkəti ilə “Yaşat” Fondu arasında yaranan əməkdaşlığa əsasən 2021/2022-ci tədris ilində 6 şəhid övladı Kaspi Liseylərində ödənişsiz təhsil almaq üçün qeydiyyatdan keçib. Ümumilikdə “YAŞAT” Fondunun Dəstək proqramına qoşulan “Kaspi Liseyi” Ümumtəhsil məktəbi, “Kaspi-Kids” Uşaq Bağçası, “Kaspi Abituriyent”, “Kaspi Polyglot” və Kaspi Kids Məktəbəqədər hazırlıq müəssisələrində ümumilikdə 26 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!