XƏBƏRLƏR

Kaspi Liseyləri yeni tədris ilinə yeniliklərlə başlayır

Şagirdlərin sağlamlıq və təhlükəsizlik məsələsi öndədir

Azərbaycanda yeni tədris ilinə start verilir. Pandemiyanın təkcə ölkəmizdə deyil, ümumən dünya təhsilində yaratdığı çətinliklərdən sonra məktəblərin əyani tədrisə keçməsi hamı kimi Kaspi Liseylərinin şagirdləri və müəllim kollektivi tərəfindən də sevinclə qarşılanır.

Ölkənin təhsil məkanında daim yenilikləri və keyfiyyətli təhsili ilə fərqlənən Kaspi Liseyləri  2021/2022-ci tədris ilinə tam hazırdır. Kaspi Şirkətinin Bakıxanov, Ağ şəhər və Beynəlxalq (İnternational School) Liseyləri şagirdləri qarşılamaq üçün həm akademik, həm də texniki hazırlıqlarını başa çatdırıb.

Kaspi Liseyləri yeni tədris ilini qarşılamaqla bərabər məzunlarının ölkəmizin və xarici ölkələrin ali məktəblərinə qəbul olmasının sevincini də bölüşür. Belə ki, liseylərin məzunları, Azərbaycanın nüfuzlu universitetlərində, o cümlədən, onlardan bəziləri dünyanın qabaqcıl ali məktəblərində təhsil almaq hüququ qazanıblar.

3 il bundan əvvəl Nigar Alıyevanın məktəbimizi Qızıl medal ilə bitirməsi, sonradan Əzizağa Hüseynovun və Nuranə Heydərovanın timsalında bu uğurun davam etməsi liseyimizdəki tədrisin keyfiyyətindən xəbər verir. Bu il Elanə Heydərova və Aysu Bayramovanın da Kaspi Liseyini Qızıl medal ilə bitirməsi hal-hazırda məktəbimizdə təhsil alan şagirdlərimizi bir qədər də həvəsləndirdi. Artıq inamla deyə bilərik ki, Kaspi Liseyləri 3 il ardıcıl olaraq QIZIL NƏTİCƏ göstərir.

Kaspi Liseyləri 2020\2021-ci tədris ili üzrə ali məktəblərə tələbə qəbulunda 100 faizlik nəticə göstərərək ölkə təhsilinə növbəti dəfə töhfə verib.

Kaspi Təhsil Şirkətinin Liseylər İdarəsi üzrə baş direktoru Aqil Allahverdiyev yeni tədris ilinə hazırlıqlardan danışaraq qeyd edir ki,  pandemiya və karantin rejimi nəzərə alınaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları, müvafiq beynəlxalq təcrübələr və Təhsil Nazirliyinin təlimatları nəzərə alınıb: “Liseylərin infrasturukturu baxışdan keçrilib, sinif otaqları, laboratoriyalar, kitabxana və digər yardımçı otaqlar şagirdləri qəbul etməyə tam hazırdır. Məktəb binaları daxildən və xaricdən bütünlüklə dezinfeksiya olunub, divarlardan maarifləndirici təlimatlar asılıb. Şagirdlərin sağlamlıq və təhlükəsizlik məsələsi məktəb üçün öndə dayanır. Liseylərin müəllimləri 100 faiz peyvənd olunaraq sertifikat alıblar”.

Qeyd edək ki, Kaspi Liseylərinə şagird qəbulu davam edir.  Sentyabrın 11-də Kaspi Liseyinin Bakıxanov filialında keçirilən “Açıq qapı günü” bütün valideynləri liseyə topladı: “Valideynlər liseyin sinif otaqları, yeməkxanası, laboratoryiaları, kitabxanası, idman zalı və s. resursları ilə yerində tanış oldular, övladlarının təhsil aldığı mühiti yaxından öyrənə bildilər. Bu, həmçinin valideynlərin liseyin rəhbərliyi və müəllimləri ilə ünsiyyətinə təkan verdi”.

Kaspi Liseyləri üzrə akademik rəhbəri Məhəmməd Nağıyev məlumat verir ki, Liseydə “Avqust hazırlığı” proqramı çərçivəsində müəllimlərin tədrisə hazırlanması ilə bağlı təlimlər baş tutub. Təlimlər müasir təhsil bacarıqlarının aşılanması, eləcə də pozitiv sinif mühitinin formalaşdırılması ehtiyaclarına görə peşəkar təlimçilər tərəfindən təşkil edilib. Proqram çərçivəsində, eləcə də, tədrisin keyfiyyətinin artırılmasına xidmət edən liseydaxili və fənndaxili hazırlıqlar həyata keçirilib. Təhsil resurslarının, məktəb mühitinin və laboratoriyaların hazırlıq işləri uğurla həyata keçirilib.

Liseylərin ənənəvi olaraq tətbiq etdiyi yenilikləri daha da inkişaf etdirdiyini qeyd edən M.Nağıyev bildirdi ki, Kaspi Liseylərində İngilis dili intensiv olaraq beynəlxalq Cambridge (Kembric) proqramı əsasında tədris olunur: “Lisey Kembric Mərkəzinin Azərbaycandakı nümayəndələrindən biri kimi növbəti tədris ilində ingilis dilinə diqqəti daha da yüksəldəcək. Proqram I-VIII sinifləri əhatə edəcək. Kembric proqramı üzrə dərsin miqdarını ikiqat artırmışıq. Şagirdlərimizi bu proqram üzrə hazırlayırıq, sonda onlar imtahan verir və Kembric sertifikatını əldə edirlər.1-ci sinifdən 6-cı sinfə qədər ingilis dili dərslərinin miqdarı ikiqat artırılıb. Dərslərin yeni həcmi həmin imtahana hazırlığı təşkil etməkdə bizə geniş imkanlar verəcək. Əvvəl bunun üçün dərsdən əlavə vaxt ayırırdıqsa, bundan sonra dərsin daxilində bunu həyata keçirə biləcəyik. Bu da şagirdlərin daha yüksək nəticələr əldə edəcəyinə və səviyyələr üzrə sertifikatlar alacağına əminlik yaradır”.

Kaspi Liseylərində “Steamart” Robotika və Proqramlaşdırma mərkəzi tərəfindən İKT və Robotika əsaslı STEAM dərsləri uğurla tədris olunur. Beynəlxalq tədris proqramı əsasında keçirilən dərslər hazırda I-II və V-VI sinifləri əhatə edir:  “Steamart”ı keçən tədris ilində I və V siniflərdə pilot olaraq başlatdıq. İnformatika dərsləri beynəlxalq təcrübəyə əsaslanır və müasir kurikulum əsasında həyata keçirilir. Bu il artıq  dərsləri I-II və V-VI siniflərdə tətbiq edəcəyik. Tədricən bu dərsləri bütün siniflər üzrə tətbiq etməyi düşünürük. Bundan əlavə, Robotika əsaslı “Steamart” keçirik. İnsanlar bəzən bunu sırf “Robotiks” kimi başa düşürlər, amma bu, riyaziyyat, fizika, biologiya və kimya ilə inteqrasiyada keçirilir. Bu, kiçik elmi layihələri (science) robotikada tətbiq etmək proqramıdır və dünyanın bir çox ölkələrinin kurikulumuna daxildir. Azərbaycan təhsilində Kaspi Liseyləri bu proqramı tətbiq edən ilk təhsil müəssisələrindəndir. Müşahidələrim bunu göstərir ki, Robotika əsaslı “Steamart” ən uğurlu şəkildə bizim liseylərdə həyata keçirilir”.

M.Nağıyev qeyd edir ki, tədris prosesində uğurlu olan şagirdlər Kaspi Liseylərində beynəlxalq olimpiadalar və layihələr istiqamətində hazırlıqlara cəlb edilir və Azərbaycanı dünyada təmsil etmə şansı əldə edirlər.

Kaspi Liseylərində şagirdlərin şəxsi inkişafını təmin edən Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbi (KUMİM) şagirdlərin bədii-estetik zövqlərinin formalaşması, istedadlarının üzə çıxarılması və bu sahədə bilik və nəaliyyətlərinin əldə edilməsi üçün planlarını yeni tədris ilində də həyata keçirəcək.

Həmçinin Kaspi Liseylərinin nəzdində fəaliyyət göstərən Kaspi İdman Klubu “Sağlam bədəndə sağlam ruh olar” şüarını rəhbər tutaraq şagirdlərin bədən tərbiyəsinə, sağlam inkişafına və idman yarışlarında iştirakına xüsusi diqqət ayırır: “Məktəbimizdə şahmat, gimnastika, kapoeyra, cüdo, basketbol, voleybol, tennis kimi idman növlərinin müvafiq idman dərəcələri olan müəllimlər tərəfindən tədris olunması bu sahədə də istedadlı şagirdlərin üzə çıxarılması işini asanlaşdırır. Karantin şərtlərinə uyğun olaraq idman dərslərimizi də davam etdirəcəyik”.

Kaspi Liseyləri - şagirdlərin bacarıq və qabiliyyətlərinin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almalarının ünvanı olaraq yeni tədris ilini açıq elan edir.

Kaspi Liseylərinin müəllim və şagird kollektivinə yeni tədris ilində uğurlar arzulayırıq!

 

13.09.2021