Kaspi Bağçaları yeni tədris ilində
Bağçalar mərhələli şəkildə açılır
Kaspi Uşaq Bağçaları 2021-2022-ci tədris ilinə uşaqların qəbuluna tam hazırdır. Kaspi Uşaq Bağçasının filialları sentyabrın 1-dən mərhələli şəkildə qapılarını balacaların üzünə açmaqda davam edir. Paralel olaraq Kaspi bağçalarına (Bakıxanov filialı, Ağ Şəhər filialı, Əhmədli filialı, Gənclik filialı, Sumqayıt filialı) qəbul həyata keçirilir.
Kaspi Təhsil Şirkətinin İnkişaf Proqramları və Bağçalar İdarəsinin rəhbəri Əli İsgəndərov bildirir ki, artıq Ağşəhər, Bakıxanov və Sumqayıt bağçaları yeni tədris ilində fəaliyyətə başlayıb. Gənclik və Əhmədli filialları bu həftədən etibarən dərslərə başlayacaq. “Bağçalar fəliyyətə başlamazdan əvvəl pandemiya şəraiti nəzərə alınaraq ötən tədris ilində olduğu kimi profilaktiki olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işləri
həyata keçirilib. Otaqlarda uşaqların çarpayıları və stolları sosial məsafə nəzərə alınmaqla yerləşdirilib. Bağçanın bütün filiallarının müəllim və texniki heyəti 100 faiz vaksin olunaraq sertifikat əldə edib”.
Kaspi Bağçası ənənəvi olaraq uşaqları yeniliklərlə qarşılayır. Belə ki, hər il olduğu kimi, bu tədris ilində də tədris proqramı, tədris materialları və Kaspi Kids nəşrləri yenilənir, yeni nəşrlər çapa hazırlanır: “Həmin nəşrlər yaxın günlərdə işıq üzü görəcək. Uşaqların xüsusi inkişafına yönəlmiş İngilis dili dərslərinə yeni proqram və vəsaitlər də əlavə olunub”.
Qeyd edək ki, Kaspi Uşaq Bağçasında uşaqların sağlamlığına xüsusi fikir verilir. Hər gün bütün uşaqlar bağçanın həkimi tərəfindən profilaktik baxışdan keçirilir. Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq gündəlik təmizlənmə və aylıq sanitar epidomoloji vəziyyətin stabil saxlanılması üçün tədbirlər nəzarətdə saxlanılır: “Bağçada uşaqların sağlam qidalanması məqsədi ilə təbii məhsullardan və təzə ərzaqlardan hazırlanan menyu tərtib edilir və gündəlik menyuya həkim tərəfindən nəzarət edilir. Bağçada təhlükəsizlik tədbirləri də yüksək səviyyədə təşkil olunub”.
Yeni tədris ilinə hazırlıq məqsədilə bağçanın müəllim heyəti ilə intensiv görüşlər keçirilir və peşəkar təlimlər təşkil olunur.
Kaspi Bağçaları “Uğurlu gələcəyin başlanğıc nöqtəsi” olaraq fəaliyyətini böyük məsuliyyət və uğurla davam etdirir.