XƏBƏRLƏR

"Bilik yarışı"nın qalibləri elan olundu

Bilik yarışının qalibləri elan olundu

Kaspi-nin Bilik yarışında 38 şagird qalib oldu

Kaspi Təhsil Şirkətinin 15 İyun Milli Qurtuluş Gününə həsr etdiyi  “Kaspi Bilik Müsabiqəsi” başa çatıb. Azərbaycan və rus bölmələrinin II –X sinif şagirdləri üçün keçirilən yarışmada iştirak edən 250 şagirddən 38 nəfər müxtəlif yerlər üzrə qalib elan olunub.

Kaspi Ağ Şəhər Liseyində keçirilən müsabiqənin yekununa həsr olunan tədbirdə yarışda qalib gələn şagirdlər və onların valideynləri iştirak ediblər.  Kaspi Təhsil Şirkətinin marketinq direktoru Aydın Əliyev qeyd edib ki, milli bayramlara həsr olunan bilik müsabiqələrinin tədris ili ərzində keçirilməsi nəzərdə tutulur: “Bu müsabiqə Milli Qurtuluş Gününə həsr olunub. İl ərzində bizim bir neçə tarixi və milli bayramlarımız qeyd olunur. Biz həmin günlərə həsr olunan milli bilik müsabiqələri təşkil etməyi düşünürük. Növbəti Bilik yarışı 10 Noyabr – Zəfər Gününə həsr olunacaq”. A.Əliyev yarışma qaliblərini milli-mənəvi dəyərləri əsas fəaliyyət istiqamətinə çevirən Kaspi Təhsil Şirkətinin filiallarında, yay məktəbində, liseylərində təhsil almağa dəvət edib: “Siz Kaspi Şirkətinə müraciət edərək bilik və bacarıqlarınızı təkmilləşdirə, dil biliklərinizi artıra, yay məktəbinə və s. qoşula bilərsiniz. Bütün bunlar sizin  bilik və bacarıqlarınızın daha da inkişafına kömək edəcək”.

Kaspi Təhsil Şirkəti üzrə akademik rəhbər Rəsul Ağayev müsabiqənin tədrisin keyfiyyətini, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarını artırmaq məqsədi daşıdığını qeyd edib: “Yarışmanı keçirməkdə əsas məqsəd şagirdlərin maraqlarını elmə, maarifləndirici yarışlara yönəltmək, yeni biliklər qazandırmaq,  intellektual səviyyələrini yüksəltmək və istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir”.

Bilik yarışının qaliblərindən biri – Humanitar Fənnlər Məktəb-Liseyinin  IX sinif şagirdi Leyla Əhmədzadə sevincini bölüşərək belə bir müsabiqənin keçirilməsini alqışladı: “Bu, bizim biliklərimizi üzə çıxarmağa kömək edir, özümüzə inamı artırır. Xüsusən, milli bilik yarışı oduğu üçün  iştirak etmək maraqlı idi. Yarışmada 1-ci yer qazandığıma görə çox sevincliyəm”. 

Sumqayıt Texniki və Təbiət Elmləri Liseyinin VI sinif şagirdi Zeynəb Məhəmmədli də 1-ci yerə layiq görülməsindən sevinc duyur: “Bundan sonra da “Kaspi”nin təşkil etdiyi bilik yarışlarında iştirak edəcəyəm. Bu müsabiqələr bizə motivasiya verir, oxumağa daha da həvəsləndirir”.

Yarışmada II yerə layiq görülən Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin VIII sinif şagirdi Həsən Əliyev “Növbəti müsabiqədə 1-ci yer uğrunda mübarizə aparacağam”- deyir: “Əsas odur ki, “Kaspi” bizə bu fürsəti yaradır. Biliklərimizi yoxlamaq üçün bu yarış gözəl imkandır”.

Qeyd edək ki, əsasən 3 fənn üzrə - tədris dili (Azərbaycan və rus dili), riyaziyyat və xarici dil olaraq ingilis dili fənni üzrə keçirilən müsabiqə 17 və 18 iyun 2021-ci il tarixlərini əhatə edib. Bilik yarışması məkan olaraq Kaspi Təhsil Mərkəzləri (Bakı şəhərində Elmlər, Əhmədli, Xətai, Bayıl filialları, Sumqayıt və Gəncə şəhərlərində Kaspi filialları) həyata keçirilib.

Qeyd edək ki, müsabiqədə yüksək nəticə göstərən şagirdlər dəyərli hədiyyələr, Kaspi filiallarında xidmətlər üzrə güzəştlər və Kaspi Yay məktəbinə endirimlər qazanıblar.

02.07.2021