Kaspi Liseyində Respublika Günü
“Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət qurulucuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Prezident İlham Əliyevin böyük qürur hissi və fəxarətlə qeyd etdiyi bu fikirlər Kaspi Liseyinin Bakıxanov filialında keçirilən 28 May Respublika Gününə həsr olunan tədbirdə Xalq Cümhuriyyətinin tarixinə, müstəqillik yolumuza nəzər salmağa bir daha imkan yaratdı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Pandemiya şərtləri nəzərə alınaraq Liseydə keçirilən tədbirə təhsil müəssisəsinin əməkdaşları və şagirdləri ZOOM platforması üzərindən qoşuldular.
Tədbirin aparıcıları qeyd etdilər ki, Azərbaycan xalqı hər il 28 May Respublika Gününü əlamətdar hadisə kimi bayram edir: “Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü də adlandırmaq olar”.
Azərbaycanın müstəqilliyinin milli-mənəvi sərvətimiz olduğunu vurğulayan Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək Resbublika Gününün torpaqlarımızın işğaldan azad edildiyi bir vaxtda qeyd edilməsinin əlamətdar tarix olduğunu vurğuladı: “Bu gün biz Respublika Günümüzü bütöv Azərbaycan olaraq, düşmən işğalından azad etdiyimiz Qarabağımızla birgə qeyd edirik. Ali Baş Komandan İlham Əliyevin əzmi, xalqımızın birliyi və ordumuzun şücaəti ilə torpaqlarımızı düşməndən azad etdik. İndi o torpaqlarda bərpa işləri həyata keçirilir”. S.Vəliyeva Cümhuriyyət tariximizə nəzər salaraq 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edildiyini xatırlatdı: “İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Cümhuriyyət beynəlxalq əlaqələr quraraq beynəlxalq ictimaiyyət tərəfindən tanındı. Milli təhsilin əsası qoyuldu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”. S.Vəliyeva qeyd etdi ki, Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Ulu öndər dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”- deyirdi. 1990-cı ildən Respublika Günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir”. S.Vəliyeva qeyd etdi ki, ulu öndərin bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. “Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır”.
Tədbirdə liseyin şagirdləri Respublika Gününə həsr olunan mahnı, rəqs və kompozisiyalar ifa etdilər, şeirlər səsləndirdilər.
Kaspi Təhsil Şirkəti olaraq Respublika Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik, millətimizə bu yolda əzmkarlıq, birlik və tərəqqi arzulayırıq!