Faşizm üzərində Qələbə Günü
9 May - bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsinin Qələbə ilə başa çatdığı gündür. Həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqa öğullarımızın adı dünya tarixinin yeni səhifələrinə qızıl hərflərlə yazılıb.
Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında vuruşan 7 min hərbi təyyarənin yanacaq təchizatının təmin olunmasında da da mühüm rol oynayıb.
Bu tarixi gündə Kaspi Təhsil Şirkəti olaraq bütün müharibə veteranlarını təbrik edir, onlara can sağlığı diləyir və şücaətlərinə görə təşəkkürümüzü bildiririk!