Sağlığında əfsanələşən lider
10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş ulu öndəri həmişə ehtiramla xatırlayır. Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Dünyanın görkəmli simaları bu dahi şəxsiyyət haqqında heyranlıqla, ehtiramla danışırlar. Ulu öndər tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Bu çətin mübarizələrdə ulu öndər Azərbaycanın xilaskarına çevrilib.
Heydər Əliyevin ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir.
Hər il may ayının 10-da paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən Fəxri Xiyabanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsinin önündə böyük izdiham yaşanır. Xalq öz xilaskarının abidəsini ziyarətə gəlir, ruhu qarşısında baş əyirlər. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, görkəmli şəxslər, mötəbər qonaqlar da bu abidəni ziyarət edərək xalqımızın xilaskarının xatirəsini hörmət və ehtiramla yad edirlər.
Fəxri Xiyabanda yaşanan izdihamı seyr etdikcə tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.
Ulu öndərin xalqı qarşısında daha bir müstəsna xidməti özündən sonra İlham Əliyev kimi layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.