Nizami Gəncəvi İlinə layiqli töhfə
Kaspi Təhsil Şirkətinin Kaspi Liseyi ”Milli yaddaş” layihəsi çərçivəsində “Nizami Gəncəvi İli”nə həsr olunan tədbirlərini davam etdirir. ZOOM platforması üzərindən baş tutan növbəti tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Kaspi Liseyində keçirilən silsilə görüşlərin davamı kimi yadda qaldı.
Görüşdə Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin rəhbər heyəti və üzvləri, Ağ Şəhər Liseyinin və Bakıxanov filialının rəhbərləri, müəllim və şagird kollektivi iştirak etdi.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək Nizami Gəncəvinin Yaxın və Orta Şərq bədii-estetik fikir tarixində nadir şəxsiyyətlərdən olduğunu qeyd etdi: “Nizami Gəncəvi yaradıcılığı istər yaşadığı dövrdə, istərsə də sonrakı zamanlarda filosof şair irsi kimi öyrənilib. Bu cür fəlsəfi düşüncə sahibləri, mütəfəkkirlər isə zaman və məkan fövqünə yüksələrək, bəşəri dəyərlərin təbliğində bütün dövrlərin müasiri olmaq qüdrətinə malikdirlər. Nizaminin yaradıcılığı hörmət və məhəbbətlə anılan kamillik zirvəsidir”. S.Vəliyeva qeyd etdi ki, dahi şairin yaradıcılığı min illər bundan sonra da oxucular üçün müasir olacaq: “Məhz buna görədir ki, dahi Azərbaycan şairini bəzi dövlətlər özününküləşdirməyə cəhd göstərirlər. Dahilər, mütəfəkkirlər bir xalqın yetişdirdiyi şəxsiyyətlərdir, amma onların yaradıcılığında təbliğ etdikləri ideyalar bütün dünya xalqlarına töhfələr verir”. S.Vəliyeva Nizami Gəncəvi irsinin təbliğinin hər zaman dövlət səviyyəsində, yüksək həssaslıqla həyata keçirildiyini qeyd etdi: “Ulu öndər Heydər Əliyev Nizami Gəncəvi yaradıcılığına böyük önəm verib. O, 1972-ci il 16 avqust Moskva nəşri olan “Literaturnaya qazeta”ya verdiyi müsahibədə xalqların dostluğu və qardaşlığı mövzusunda verilən suala Nizami Gəncəvini misal gətirərək bir daha mütəfəkkir şairə münasibətini tarixləşdirmişdi. 1979-cu il 6 yanvar qərarı ilə Ulu öndər Nizamişünaslığın inkişafına, şairin irsinin nəşrinə, tədqiqinə və geniş miqyaslı təbliğinə şərait yaratdı.1981-ci ildə isə Nizami Gəncəvinin 840 illiyi ilə bağlı qərar ilə Nizamişünaslıqda yeni inkişaf mərhələsi başladı. Prezident İlham Əliyev də Nizami dəyərlərinə yüksək qiymət verərək 2021-ci ili Nizami Gəncəvi İli elan etdi. Ölkə başçısı bu sənədlə Nizami yaradıcılığının təbliği, haqqında çap olunmayan məqalələrin toplanması və yenidən çapı, bütövlükdə Nizamiyə həsr olunan silsilə tədbirlərin keçirilməsini nəzərdə tutdu. Biz də Kaspi Təhsil Şirkəti olaraq “Nizami Gəncəvinin əsərlərindəki qadın surətləri” nəşri ilə “Nizami İli”nə töhfəmizi verdik”. S.Vəliyeva liseylərin şagirdlərinə səslənərək dahi şairin yaradıcılığını diqqətlə oxumağı və faydalanmağı tövsiyə etdi: “Nizami ideyaları milli dəyərlər sisteminin qorunmasında vacib mənəvi gücdür. Şairin əsərlərində əks olunan ləyaqət, xeyirxahlıq, kamillik və müdriklik kimi keyfiyyətlər həm də Nizaminin yaradıcı dünyasını və şəxsi üstünlüklərini sərgiləyir. Nizami bütövlükdə hikmətin dəryasıdır. Onun üçün ağıl, zəka, mənəvi ləyaqət hər şeydən yüksəkdə durur. Dahi şairin yaradıcılığında bu xüsusiyyətləri aydın görmək mümkündür”.
Görüşün qonağı gənc şair-publisist, Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, Serbiya Yazıçılar Birliyinin üzvü Fərid Hüseyn Nizami Gəncəvinin ümumbəşəri saf eşqin tərənnümçüsü kimi dünya ədəbiyyatına daxil olmasından, insanları azad, hökmdarları mərhəmətli görmək istəyindən, böyük şairin əsərlərindəki qadın surətlərindən, ümumən geniş aləmi əhatə edən yaradıcılığından danışdı. F.Hüseyn dahi şairin yaradıcılığı ilə bağlı liseyin şagirdlərinin suallarını da cavablandırdı.
Görüşdə Kaspi Təhsil Şirkəti tərəfindən nəşr edilən “Nizami Gəncəvinin əsərlərindəki qadın surətləri” kitabının təqdimatı keçirildi. Kitaba ön sözü filologiya elmləri doktoru Sona Vəliyeva yazıb. Nəşrin redaktoru Fərid Hüseyndir. Qeyd edək ki, nəşr Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən Nizami İli çərçivəsində işıq üzü görən ilk kitabdır.