XƏBƏRLƏR

Kaspi Liseyində Kitab Günü

Kaspi Liseyində Kitab Günü

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi insanları kitablardan və mütaliədən zövq almağa sövq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. Bu münasibətlə UNESCO və kitab sənayesinin üç əsas sektorunu – naşirləri, kitab ticarətçilərini və kitabxanaları təmsil edən beynəlxalq təşkilatlar növbəti ilin 23 Aprel tarixinədək şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı kimi seçirlər.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın hər yerində milyonlarla insanı bir araya gətirən platformaya çevrilib. Bu münasibətlə hər il UNESCO-nun Baş qərargahında böyük bayram tədbiri keçirilir. Kitab ticarətçiləri, nəşriyyat şirkətləri və rəssamlar kitablara və mütaliəyə olan sevgilərini gənclərə praktik seminarlar keçirmək vasitəsilə (mətbəə, illüstrasiya, kitab cildlənməsi, manqa stili və s.) bölüşmək üçün dəvət olunur.

Kaspi Ağ şəhər Liseyi də “Kitab dünyasına səyahət” adlı tədbirlə bu tarixi qeyd edərək şagirdləri bu maraqlı səyahətə qoşulmağa və kitabları biliklər mübadiləsi, qarşılıqlı anlaşma və dünyanın müxtəlifliliyinə açıqlılıq üçün qiymətli bir alət kimi sevməyə dəvət etdi.

ZOOM platforması üzərindən keçirilən görüş iştirakçılarına nümayiş etdirilən videoçarxda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü haqqında ətraflı məlumat verildi. “Müəllif hüquqları anlayışı ilk dəfə Almaniyada meydana gəlib. Əvvəllər  yalnız ədəbiyyat sahəsinə aid edilən bu ifadə 1870-ci il iyunun 11-dən etibarən mülkiyyətin bütün formalarını birləşdirib. Yaxın xaric hesab edilən Rusiyada isə bu anlayış indinin özündə də daha çox ədəbiyyat sahəsinə aid edilir.

YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir (1564-1616), Migel de Servantes (1547-1616) və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir”.

Liseyin kitabxana müdiri Şahnaz Quliyeva qeyd etdi ki, bu tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək, kitabları əldə etməyə təşviq etmək məqsədi daşıyır: “Kitablara və müəlliflərə ehtiram məqsədi ilə təsis olunan Beynəlxalq Kitab və Müəllif Hüquqları günü həm də hamını, xüsusilə də gəncləri mütaliədən zövq almağa, bəşəriyyətin sosial və mədəni inkişafında əməyi olmuş sənətkarların əvəzsiz irsinə hörmətlə yanaşmağa çağırış günüdür. Hər bir yaradıcı insanın öz əsərinə müəllif hüququ vardır. Bu, vətəndaş hüququnun elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması və sonrakı fəaliyyəti ilə əlaqədar münasibətlərini tənzimləyən bir bölməsidir və müəllif hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalarla tənzimlənir”.

Görüşdə liseyin direktoru Səbinə Əliyeva çıxış edərək mütaliənin əhəmiyyətindən, xüsusən şagirdlərin həyatında oynadığı roldan danışdı: “Mütaliə, tədris və təhsil bir növ vəhdət təşkil edir. Bu amil insanın məktəbə ayaq qoyduğu vaxtdan ömrünün sonuna qədər onu izləyir. Mütaliə insan zəkasının inkişafında mühüm rola malikdir. Əgər insan çox mütaliə edərsə onun dünyaya baxışı da çox zəngin olar”.

Liseyin ibtidai siniflər üzrə müdir müavini Mahirə Hüseynova  şagirdlərə daimi mütaliə ilə bağlı tövsiyə etdi: “Bir cəmiyyətdə oxumağı, yazmağı bacaranların sayı nə qədər şox olarsa, o cəmiyyət daha çox inkişaf edər və hər zaman, hər yerdə öz dəyərləri ilə seçilmiş olar. Ona görə çoxlu mütaliə edin”.

Görüşdə kitabxananın ədəbiyyat fondu haqqında məlumat verildi, kitab, bədii ədəbiyyatla bağlı aforizmlər səsləndi. Şagirdlər şair və yazıçılarımızın əsərlərindən şeirlər və mətnlər səsləndirdilər.  

 

01.05.2021