XƏBƏRLƏR

Azərbaycan gəncliyinin bayramı

2 fevral - Azərbaycan Gəncləri Günüdür.

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” -1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyevin dilindən səslənən bu fikirlər ölkə gəncləri qarşısında tarixi bir vəzifə qoydu. Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verən həmin forum gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhninə çevrildi. Bu gün müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz karyerasını  qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Bu gün sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkədə olduğu kimi Azərbaycan üçün də prioritet məsələdir. Çünki ölkənin gələcək inkişafı indiki gənclərdən asılı olacaqdır. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün ölkəmizdə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətini uğurla davam etdirir.

Ölkə başçısının səyləri sayəsində dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut edirlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən asılıdır. Azərbyacan gəncləri öz vətənpərvərlik və şücaətlərini işğaldan azad etdiyimiz torpaqlarımız uğrunda apardığmız haqq savaşımızda - Vətən Müharibəsində də nümayiş etdirdilər. Bu gün Azərbaycanın gəncliyi öz fəaliyyətini xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut edir.

“Mükəmməl milli təhsil amalımızdır” şüarı ilə fəaliyyət göstərən Kaspi Təhsil Şirkəti də Vətənə sədaqətli, ölkəyə faydalı, mənəvi cəhətdən və intellaktual baxımdan zəngin gənclər yetişdiməklə gənclərin inkişafına öz layiqli töhfəsini verməkdədir.

Bayramınız mübarək, Azərbayycan gəncliyi!

02.02.2021