XƏBƏRLƏR

Kaspi Liseyi şagirdlərinin yolunu gözləyir

Məktəbin bəzəyi şagirddir

Fevralın 1-dən əyani təhsilə start verilməsi xəbəri müəllim və şagirdlər tərəfindən böyük sevinclə qarşılanıb. Hazırda fəaliyyətini distant-online formada davam etdirən Kaspi Liseyləri Nazirlər Kabineti yanında Operativ Qərərgahın xüsusi karantin rejimi ilə bağlı qərarlarını və Təhsil Nazirliyinin təlimatlarını əsas tutaraq təhsil müəssisəsinin yenidən açılışına hazırlaşırlar. Liseylərdə fevralın 1-dən ibtidai siniflər üzrə Hibrid modeli (əyani və distant) üzrə dərslərə start veriləcək.

Kaspi Ağ Şəhər Liseyinin direktoru Səbinə Əliyeva ilə söhbətimiz də şagirdlərin məktəbə yenidən qayıdışı ilə bağlıdır:

 

-1 fevraldan orta ümumtəhsil məktəbləri yenidən fəaliyyətə başlayacaq. Liseydə bununla bağlı hazırlıq işləri necə həyata keçirilir?

-Şagirdlərin yenidən məktəbə qayıdışı ilə bağlı liseyimizdə mütəmadi olaraq lazımi dizinfeksiya işləri görülür. Sinif otaqlarında partalar ara məsafə qorunmaqla, qaydalara əsasən yerləşdirilib. Şagirdlərin mümkun qədər hərəkətləri pandemiya səbəbindən məcburi olaraq məhdudlaşdırılıb. Şagirdlər tənəffüs müddətində qruplar halında təmiz havaya çıxarılır. Mütəmadi olaraq təmizlik işçiləri öz işlərini görürlər. Müəllimlər həm maskadan, həm də kaskadan (qoruyucu sipərdən) istifadə edirlər. Sinif otaqlarına, dəhlizlərə və məktəbin hər tərəfinə dizinfeksiyaedici məhlullar yerləşdirilərək şagird, müəllim və işçi heyətinin istifadəsinə verilib. Bununla yanaşı, şagirdlər tez-tez fərdi şəkildə müəllim nəzarəti ilə əllərini yuyurlar. Hazırkı şəraitdə şagirdlərin təhlükəsizliyi və sağlamlığı üçün bütün mümkün vasitələri həyata keçirməyə çalışırıq. Onu qeyd edim ki, heç nə şagirdlərin məktəb binasında olmalarından daha gözəl ola bilməz. Onların liseyə gəlmələrini səbirsizliklə gözləyirik. Uşaqlar özləri də çox həyacanlıdırlar.

- Siniflərdə şagird sıxlığını necə tənzimləyirsiniz?

- Ümimiyyətlə, siniflərdə 10 nəfərdən çox şagird yoxdur. Bəzi valideynlər də var ki, uşağını məktəbə göndərməyəcək. Təhsil nazirinin dediyi kimi, valideynlərin pandemiya dövründə uşağını məktəbə göndərməmək hüququ var. Belə ki, müəllim sinifdə dərs keçərkən şagird həmin dərsi izləyə və qoşula bilir. Uşaqlar üçün ilk gündən əyləncə, motivasiya xarakterli dərslər də təşkil etmişik.

-Özünüz də qeyd etdiniz ki, ölkədə sərt karantin rejimi ilə bağlı distant təhsilə keçilib. Distant-online dərslər liseydə necə təşkil olunub? 

- Online dərslər liseyimizdə artıq 2019-2020-ci tedris ilinin mart ayından etibarən həyata keçirilir. Bu mövzuda pedaqoqlarımiz artıq kifayət qədər təcrübəlidirlər. Online dərslər liseyimizde “e-Kaspi” elektron jurnalımız üzərindən həyata keçirilir. Dərslər saat 08-30-14:15 arasında təşkil olunur. Həmin saatdan sonra əlavə dərslər, ehtiyaci olan şagirdlərə çətinlik çəkdiyi mövzularda fərdi şəkildə dəstək, xarici müəllimimiz Eric Kao tərəfindən danışıq dərsləri təşkil olunur.

Müəllimlər online dərslər zamanı yalnız 40 deqiqelik müddət ilə kifayetlenmirler, həmin dərs üçün öncədən xüsusi hazırlıq görülür. Dərsin izah hissəsi və ona aid möhkəmləndirmə tapşırıqları öncədən video formatında hazırlanır və dərsdən dərhal sonra e-Kaspi üzərindən şagirdlərə təqdim olunur. Beləliklə, dərsdə üzürlü səbəbdən iştirak edə bilməyən şagird və ya dərsi təkrar olaraq dinləmək istəyən şagird həmin video derslərdən rahatlıqla və istədiyi zaman istifadə edə bilir. Hətta bu videoizahlar imtahan öncəsi şagirdin dərsləri təkrarlamasinda da əhəmiyyətli rol oynayır. Onlayn dərslər liseyimizdə mükəmməl təşkil olunub. Hibrid təhsil modelinə əsasən ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani, iki dəfə evdən onlayn dərslərə qoşulacaqlar.

 

-Liseydə şagirdlərin bilik və bacarıqları necə yoxlanılır?

-Şagirdlərin bilik və bacarıqları bir neçə mərhələdə yoxlanılır. Bizim üçün şagirdin yalnız universitetə qəbul olması deyil, eyni zamanda özünü peşəkar şəkildə ifadə edən bir fərd kimi də formalaşması əsas hədəflərimizdəndir.

Bu baxımdan, şagirdlərimiz klassik formativ qiymətləndirmədən savayı “Bacarıq qiymətləndirmə” imtahanı da verirlər. Imtahanda şagird müəllimin tövsiyə etdiyi mövzulardan birini seçərək həmin mövzunu poster formasında hazırlayır və müəllimi və şagird yoldaşları qarşısında təqdim edir. Bu imtahan onların həm araşdırma, həm də təqdimetmə qabiliyyətlərini inkişaf etdirir.

Bununla yanaşı, təbii ki, şagirdlərimizin KSQ(kiçik summativ qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) imtahanları da olur.

BSQ imtahanı 6 fərqli gündə KASPITEST.COM platforması üzərindən aparılır. Imtahandan sonra şagird öz səhifəsində həm öz imtahan vərəqəsini, həm cavablarını, həm də imtahan nəticələri və düzgün cavabları görə bilir.

BSQ imtahanı bitdikdən dərhal sonra sual və düzgün cavablar KASPI DISTANT səhifəsində öz yerini alır, şagirdlər düzgün cavablar və onların izahı ilə imtahandan dərhal sonra tanış ola bilirlər.

KSQ imtahanları isə fənn müəllimlərimiz tərəfindən şifahi və ya yazılı formada aparılır.

Şifahi formada şagirdlər imtahana tək-tək qəbul olunur və 2 müəllimin ortaq qərarına əsasən qiymətləndirilir.

-Təbii ki, övladı məktəbə gələn valideynlə ünsiyyət də müəllim-valideyn-şagird üçbucağı üçün  vacib məsələdir. Bu əlaqələri necə qurursunuz?

-Şagirdin inkişafı üçün müəllim və valideyn arasındakı əlaqə çöx əhəmiyyətlidir. Bu bizim əsas prinsiplərimizdən biridir.

Valideyn ilə sinif rəhbərləri mütəmadi olaraq əlaqə saxlayırlar. Əsas əlaqə vasitəsi e-Kaspidəki SMS və ELAN bölmələridir. Bu bölmələr vasitəsiylə müəllim və valideyn arasında istər fərdi, istərsə də qrup halında əlaqə yaratmaq olur.

Lakin pandemiya müddətində bu iş daha ciddi və sıx şəkildə aparılır, çünki distant təhsildə müəllimin yükü ilə yanaşı valideyn yükü də az deyil. Bu baxımdan valideynlərimiz ilə həm e-Kaspi üzərindən, həm də digər sosial platformalar üzərində əlaqə daim aktiv formadadır.

Bununla yanaşı, distant dövrdə valideynlər ilə sinif rəhbərləri, o cümlədən lisey rəhbərliyi ilə də distant formada görüş və iclaslar təşkil olunur. Valideynlər istər fənn müəllimi, istər sinif rəhbərləri, istərsə də lisey rəhbərliyi ilə öncədən təyin olunmuş vaxtlarda rahatlıqla görüşə bilirlər. Əlavə olaraq, hazırda liseyimizdə Valideyn Komitəsi də fəaliyyət göstərir. Beləcə valideynlərə maraqlı olan və onları narahat edən məsələlər seçilmiş nümayəndələr tərəfindən birbaşa lisey direktoruna çatdırılır. Ümid edirik ki, qarşılıqlı iş birliyi tədrisdə də özünün müsbət təzahürünü göstərəcək.

 

28.01.2021