Kaspi Liseyi ilə bütün sferalarda əməkdaşlıq edən ailə
Kaspi Kids-in balaca uşaqları böyük maraqla “Nağıl saatına” qoşulurlar. Nağılçının aramla, şirin-şirin söylədiyi nağıla o qədər aludə olurlar ki, nağıl bitəndən sonra da ekran qarşısından ayrılmaq istəmirlər. Uşaqları nağıl dünyasına səyahətə aparan, cazibəsinə qonaq edən isə tanınmış nağılçı, “Ağıllı bala” nəşriyyatının rəhbəri Fatimə Alxazdır.
Fatimə Alxazın Kaspi Təhsil Şirkəti ilə kəsişən yollarından söhbət açmazdan öncə haqqında qısaca məlumat verək:
Bakı Dövlət Universitetinin Kitabşünaslıq - nəşriyyat işi və redəktəetmə ixtisasını bitirib. Müxtəlif nəşriyyatlarda redaktor kimi çalışmaqla bərabər, bir neçə uşaq kitabının müəllifidir. Hazırda bir çox kitablar nəşr etdirdiyi və müəllifi olduğu “Ağıllı bala” uşaq nəşriyyatının qurucusudur. F.Alxaz Türkiyədə “Nağılçı” peşəsi üzrə seminarlarda iştirak edərək sertifikatlar qazanıb. “Məktəb və bağçalarda görüşlər keçirməyi, uşaqlar üçün tədbirlər təşkil etməyi, onlara nağıllar danışmağı planlaşdırırdım. Pandemiya başlayandan sonra bu tədbirləri onlayn keçmək qərarına gəldim. Onlayn “Nağıl saatı”nda türk uşaq yazıçısı və naşir, professor Melike Günyüzlə birlikdə “Timsah Temsinin su yarışı” adlı nağılını uşaqlara oxuduq. İki ölkə uşaqları bir arada toplanaraq eyni nağılı həm türk, həm də Azərbaycan dilində dinlədilər. Bu Azərbaycanda uşaqlar üçün ilk belə layihə idi”.
Fatimə Alxaz yanvarın 16-da yenidən Kaspi Kids-in uşaqlarının qonağı olacaq. Bu dəfə türkiyəli oriqami-nağılçı Sema Yaylı ilə birlikdə Kaspi Kids uşaqları ilə “Nağıl saatı”nda görüşəcəklər. “Övladlarım Kaspi- də olduğu üçün onları da “Nağıl saatı”na qoşmaq qərarına gəldim. Kaspi Kids-in 88 uşağı onlayn “Nağıl saatı”na qoşularaq Culya Donaldsın “Meymunun tapmacası” adlı nağılına maraqla qulaq asdılar. “Nağıl saatı”nı hər həftə davam etdirməyi düşünürəm”. F.Alxaz nağılların azyaşlıların həyatında böyük əhəmiyyətinin olduğunu deyir: “Təəssüf ki, bu gün uşaqlar daha çox televizor, kompyuter, telefonun ekranına baxırlar. Onların bir çox bacarıqları inkişaf etmir. Nağıl dinləmək isə uşağın yaddaşını möhkəmləndirir, bir çox məlumatlar əldə etməsinə səbəb olur, həmçinin nitqlərini və təxəyyüllərini inkişaf etdirir”.
F.Alxaz pandemiya bitəndən sonra məktəb və bağçalarda, o cümlədən Kaspi Kids-də ödənişsiz treninqlər təşkil etməyi düşünür: “Təlimlərdə öyrəndiklərimi ibtidai sinif, hazırlıq və bağça müəllimlərinə öyrətmək istəyirəm. Qoy onlar nağılın uşağın həyatındakı rolunu, nağıl danışmağın texnikasını, nağılçı kimi yetişməyin nüanslarını bilsinlər”.
Qeyd edək ki, Fatimə Alxaz təkcə iş həyatında Kaspi Təhsil Şirkəti ilə əməkdaşlığa üstünlük vermir, həmçinin övladlarının təhsilini də bu təhsil ocağına etibar edib. “Niyə məhz “Kaspi”ni seçdiniz?” sualına cavabı isə çox məntiqlidir: “Böyük oğlum Amir 1-ci sinifdə dövlət liseyində təhsil alırdı. Amma orada müəllimlərin uşağa yanaşmasından razı deyildim. Bir neçə dəfə fikrimi bildirmişdim, ancaq ünsiyyət forması olduğundan elə də davam edirdi. Sərt yanaşma isə uşağı təhsildən soyudur. Özəl liseylərdə uşaqlara daha yaxşı münasibətin olduğunu düşünərək bir qədər bu tip məktəblərlə bağlı məlumatlar əldə etdim. Nəticədə Kaspi Liseyini seçdim. Amir 2-ci sinifdən bu liseyin Bakıxanov filialında təhsil almağa başladı”. Valideyn deyir ki, liseydəki təlim-tərbiyə, təhlükəsizlik baxımından nəzarətin ciddiliyi, müəllim-valideyn və şagird münasibətlərinin şəffaflığını çox bəyənir: “Məktəbə giriş-çıxışı Kaspi SMS vasitəsi ilə görməyimiz, asudə vaxtın təşkili, şagirdlərin muzeylərə, ekskursiyalara aparılması, sosiallaşmalarına yaradılan şərait xoşuma gəlir. Hərtərəfli təlim və inkişaf hər yerdə olmur. Bu keyfiyyətləri liseydə görüncə ortancıl qızım Əsmanı da Kaspi Kids bağçasına gətirdim. Qızımın nitqində problem vardı. Amma bağçadakı müəllimlərin səyi, yanaşmaları nəticəsində qüsur tədricən aradan qalxdı. Əsmanın təhsilini də Kaspi Liseyində davam etdirmək qərarına gəldim. Əsma hazırda V sinifdə oxuyur və bilik səviyyəsindən xeyli razıyam”. Valideyn pandemiya dövründə liseydə onlayn dərslərin təşkilinin də yüksək səviyyədə olduğunu deyir: “Dərslərin keyfiyyəti yüksəkdir, hətta əyani dərslərdən fərqlənmir. Onlayn əyləncəli yarışlar da təşkil edilir. Bunlar hamısı müəllimlərdən böyük zəhmət, enerji və peşəkarlıq tələb edir. Müəllimlər dərsi keyfiyyətli qurmaq üçün əllərindən gələni edirlər. Hətta biz keçən tədris ilində valideynlər adından çəkdikləri əziyyətə görə müəllimlərə təşəkkürnamə hazırlamışdıq”.
Ailənin kiçik qızı İnci də 3 yaşından “Kaspi” bağçasının üzvüdür. Hazırda 6 yaşı var və Kaspi Kids-də oxuyur: “Bağçada olmaq ona evdə olmaqdan xoş gəlir. Orda gözəl münasibət görür, vaxtını maraqlı keçirir. Kaspi Kids-də də onlayn dərslər yüksək səviyyədə keçirilir. Müəllimlər hər uşağa fərdi qaydada yanaşır, dərsləri izah edirlər. 5-6 yaşlı uşaqlara nəyisə öyrətmək çətin prosesdir. “Kaspi” müəllimləri bu işin də öhdəsindən layiqincə gəlirlər”.
F.Alxaz nəşriyyat işində də Kaspi Liseyi ilə əməkdaşlıq edir. Nəşriyyatda işıq üzü görən 3 kitabının müəllifi də Kaspi Liseyi Bakıxanov filialının müəllimləridir. Belə ki, ibtidai siniflər üçün “Həyat bilgisi” fənnindən tam fərqli formatda 2 test kitabının müəllifi liseyin ibtidai sinif müəllimi Tünzalə Quliyeva, ibtidai sinif şagirdləri üçün “İngilis dili qaydaları” kitabının müəllifi liseyin müəllimi Vəfa Osmanovadır.
F.Alxaz həm naşir, həm nağılçı, həm də bir valideyn kimi Kaspi Təhsil Şirkəti ilə əməkdaşlıq və ünsiyyətindən çox məmnundur. Müxtəlif sferalarda əməkdaşlığın davam etməsi isə təbii ki, şirkətin fəaliyyətinin etimadı doğrultmasından irəli gəlir. Valideyn bu gün liseydə həm fiziki, həm mənəvi, həm də akademik baxımdan hərtərəfli inkişaf edən uşaqların gələcəkdə Vətənimizə, xalqımıza ləyaqətlə xidmət edən, işində uğur qazanan, ölkəmizi tanıdan, bayrağımızı hər müstəvidə ucaldan, xeyirli vətəndaşlar olacağına ürəkdən inanır: “Mən öz fəaliyyətimi də biznes kimi deyil, Vətənə, bu xalqın övladlarına xidmət kimi görürəm. Bu baxımdan, Kaspi Təhsil Şirkəti ilə əməkdaşlığıma şadam. Birlikdə daha da maraqlı, faydalı layihələr həyata keçirəcəyimizə əminəm”.