Xalqımızın zəfər lideri
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür. Ölkə başçısının bu doğum tarixi Azərbaycan üçün zəfər dolu bir dövrə təsadüf edir: Müzəffər Ali Baş Komandan Azərbaycanın işğalda olan torpaqlarının bərpasının müəllifi kimi adını tarixə yazdırdı. Bu qələbənin mühüm amili Prezident İlham Əliyevin 44 gün ərzində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqləri ləyaqətlə dəf etməsi oldu. Bu gün haqlı olaraq Azərbaycan ictimaiyyəti İlham Əliyevin qətiyyətini böyük zəfərimizin ən əsas şərtlərindən biri kimi dəyərləndirir. Prezidentin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti və xalqımızın birliyi ilə işğal edilmiş torpaqlarımızı - Füzulini, Qubadlını, Ağdamı, Cəbrayılı, Hadrutu, Suqovuşanı, Laçını, Şuşanı azad etməklə Azərbaycanın çağdaş tarixinin ən şərəfli və şanlı səhifələri yazıldı.
Doğum günü münasibətilə dünya liderləri ünvanladıqları məktublarında Prezidentimizi “Təcrübəli və bacarıqlı dövlət xadimi, Azərbaycan xalqının böyük sevgisini və etimadını qazanmış şanlı lider, beynəlxalq arenada ölkəsinin nüfuzunun hərtərəfli artırılmasına şərait yaradan görkəmli siyasi xadim” kimi dəyərləndirir və təbrik edirlər.
Prezident İlham Əliyev dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı liderdir. Rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Bu gün Azərbaycan öz liderinin rəhbərliyi altında inamla irəliləyir. Ölkəmizin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi isə bunu təsdiqləyən faktlardır.
Azərbaycana rəhbərlik etdiyi dövrdə Prezident İlham Əliyevin idarəçiliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət həm ölkəmizin yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də dünya siyasi arenasında layiqli yer tutmasında rol oynadı. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan insanı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması, təhsil islahatlarının həyata keçirilməsi və s. istiqamətlərdə ardıcıl və düşünülmüş addımlar atılır. Ölkədə yoxsulluq, işsizlik kimi problemlərin səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə nail olunub. İnsanların güzəranı, həyat səviyyəsi yaxşılaşıb, vətəndaşın dövlətinə, firavan gələcəyinə inamı artıb.
Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən rəşadətlə azad etdi.
“İnkişafın Azərbaycan modeli” adlı milli fenomenin müəllifi kimi dövlət başçımız ölkəmizin adını dünyanın inkişaf edən ölkələri sırasında səsləndirməyə, ölkəmizi Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə nail oldu.
Həyata keçirilən layihələrin və görülən işlərin əsas məqsədi isə ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq, əhalinin güzəranını yaxşılaşdırmaq və vətəndaşları narahat edən problemlərin həlli üçün zəmin yaratmaqdır.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını səciyyələndirib. Prezident İlham Əliyev ümummilli liderin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirməyə qadir siyasi lider olduğunu fəaliyyətində tam sübuta yetirdi. “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” - deyə hələ 2003-cü ildə andiçmə mərasimində də, sonrakı illər ərzindəki bütün fəaliyyətində də, Şuşanın azad edildiyi gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəndə də bu andına sadiq qaldı: “Xoşbəxtəm ki, atamın vəsiyyətini yerinə yetirdim”-dedi. Bu siyasi kursun davamlılığının təmin olunması isə Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.
Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Reallığı düzgün qiymətləndirmək bacarığı, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi ölkə başçısına xalqın rəğbət hissini daim artırır. Prezidentə hər gün yazılan məktublar da bu sevgini təsdiqləyir. Bu məktublarda yer alan fikirlər bir daha onu göstərir ki, Azərbaycan sosial-iqtisadi inkişafını, beynəlxalq əlaqələrinin genişləndirilməsini, hərbi, iqtisadi qüdrətinin və nüfuzunun artırılmasını davam etdirməklə yanaşı, öz potensialını daha da gücləndirmək üçün mühüm layihələrə imza atır, məqsədyönlü tədbirlər həyata keçirir.
“Mən hər bir azərbaycanlının Prezidentiyəm” fəlsəfəsi ilə isə dövlət başçısı xalqın gücünə arxalanır. Azərbaycan Prezidenti xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla daim görüşür, onlarla səmimi söhbətlər edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edir. Xarakter etibarilə səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxır. O, hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacarır.
Prezident İlham Əliyevin amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Azərbaycan xalqı bu amalları gerçəkləşdirəcəyinə görə İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.
Kaspi Təhsil Şirkəti Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir. Kollektiv ölkə başçımızın quruculuq siyasətini dəstəkləyir və daim onun yanında olduğunu bildirir.