Distant təhsil zamanın tələbi kimi
Hazırda distant təhsil zamanın tələbinə çevrilib. Dünyanın əksər ölkələri tədris prosesində məsafədən təhsilə üstünlük verir. Pandemiya dövrü isə prosesi ümumiyyətlə qaçılmaz edib. Distant təhsil hazırda Kaspi Liseylərində də tədrisin ayrılmaz hissəsinə çevrilib.
Kaspi Liseyləri üzrə akademik koordinator Nəcməddin Mehtiyevlə söhbətimiz də distant təhsilin liseylərimizdə təşkili barədədir.
- Nəcməddin müəllim, e-KASPİ nədir? Xahiş edirəm, bu elektron jurnal haqqında təhsilalanlara ətraflı məlumat verin.
- e-KASPİ təhsilalan və təhsilverən arasında ünsiyyətin interaktiv təşkil olunması üçün yaradılmış sistemdir. Bu həmçinin liseylərin rəsmi elektron jurnalıdır. Belə ki, müəllimlər keçdikləri dərslər haqqında bütün məlumatlarını - şagirdlərin dərslərdə iştirak edib-etməmələri haqqında qeydləri, onların kiçik və böyük summativ qiymətlərini, formativ qiymətləndirmələri bu sistem üzərindən aparırlar. Şagird sistemə daxil olarkən həftəlik dərs cədvəlini, keçdiyi fənlər haqqında məlumatı, ev tapşırıqlarını, müəllimin şagirdin dərsləri haqqında qeydlərini, imtahan qiymətlərini burada görə bilir. Bir sözlə sistem müəllim üçün “elektron jurnal”, şagird üçün “elektron gündəlik” rolunu oynayır.
- Məlumdur ki, keçən tədris ilindən ölkə üzrə distant təhsilə keçilib. Kaspi Liseylərində distant təhsilin keyfiyyətli tədrisi üçün hansı alətlərdən istifadə olunur?
- Distant təhsili təşkil etmək üçün müxtəlif alətlərdən istifadə edirik. Əvvəlcə onu qeyd edim ki, liseyimizdə distant təhsil iki formada - sinxron və asinxron formada təşkil olunub. Sonxron formada – şagirdlər birbaşa müəllimlə canlı konfrans şəklində ünsiyyətdə olaraq dərsi dinləyirlər. Müəllim dərsləri izah edir. Asinxron formada isə - şagirdlər müəllimlər tərəfindən hazırlanmış videodərsləri 2-3 dəqiqəlik izahla dinləyir və onlara uyğun olaraq müəyyən tapşırıqları yerinə yetirirlər. Bütün bu platformalar yuxarıda qeyd edilən e-KASPİ sisteminə inteqrasiya olunub. Şagird e-KASPİ-yə daxil olduqdan sonra təyin olunmuş cədvələ uyğun olaraq rahatlıqla sinxron dərslərə qoşula bilir. Həmçinin bu sistem vasitəsilə yeni yaratdığımız KASPİ DİSTANT platformasına daxil olur ki, orada da bütün keçilən fənlərin mövzu üzrə interaktiv şəkildə videodərsləri hazırlanıb. Burada üstün cəhət ondan ibarətdir ki, videodərslər çox kiçik hissələrə bölünüb. Bu, dövrün tələbidir. Bu şagirdlərin mövzunu asanlıqla qavramasını təmin edir. Şagird videodərsin sonunda hazırlanmış sualları cavablandırır. Bu prosesdən dərhal sonra şagirdlər üçün doğru cavab və onun topladığı bal qarşısına çıxır. Həmçinin başqa bir “KASPİTEST” platforması da yaratmışıq. Bu platforma da e-KASPİ-yə inteqrasiya olunub ki, bu platforma vasitəsilə şagirdlərlə onlayn summativ qiymətləndirmə imtahanlarını aparırıq.
- KASPİ DİSTANT platformasından istifadə qaydaları necədir?
- Şagird öncə e-KASPİ sisteminə daxil olur. Bunun üçün şagirdə lisey tərəfindən verilmiş istifadəçi adı və parol var. Bu sistemə daxil olduqdan sonra yuxarıda yerləşdirilən alətlər panelində KASPİ DİSTANT hissəsinə vuraraq videodərslər portalına keçid edir. Burda fənlər üzrə bölünmə aparılıb. Şagird dinləmək istədiyi fənnin üzərinə vurur. Bu fənn altında da “Modullar” adlandırdığımız fəsillər var. Şagird istədiyi fəsil üzrə ilk mövzunu seçərək videodərsi dinləyə bilir. Hər mövzu üzrə videodərslər 2-3 dəqiqəlik hissələrə bölünüb. Hər hissəni dinlədikdən sonra şagird bir neçə sualdan ibarət imtahan suallarını cavablandırır. Bu şagirdin mövzunu qavrama səviyyəsini müəyyən etməyə xidmət edir. Sualların ən az 50%-ni doğru cavab verən şagird növbəti hissəni dinləyə bilər. Əks halda mövzunu dinləyib yenidən cəhd etməlidir. Gələcəkdə planlaşdırılır ki, şagirdlərdə motivasiya yaratmaq üçün videodərsləri izlədikcə və doğru cavab verdikləri sual sayına görə ulduzlar qazansınlar, müəyyən sayda doğru suala cavab verdikdən və müəyyən sayda videodərslər izləndikdən sonra şagirdlər arasında I, II və III yer üzrə virtual sertifikatlanma aparılsın.
- KASPİ DİSTANT platformasına şagirdlərin marağı nə qədərdir?
- Bu platformada sonda biz statistika əldə edə bilirik. Yəni hər hansı bir videonu neçə şagird izləyib, videdərs nə qədər müddət izlənib, suallara cavab verilibmi və s. Ortaya çıxan mənzərə budur ki, şagirdlərin marağı çox yaxşıdır. Xüsusilə dərsdə hər hansı bir səbəbdən iştirak edə bilməyən şagirdlər üçün bu bir fürsətdir ki, platformadan həmin mövzunu izləyib mövzunu öyrənə bilir. Statistikaya əsasən deyə bilərik ki, şagirdlərin 80 faizi bu platformadan aktiv şəkildə istifadə edir.