XƏBƏRLƏR

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi bayram edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.

1988-ci ildə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından kütləvi surətdə qovuldu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törədildi. Təpədən-dırnağadək silahlanmış erməni quldurları əliyalın, dinc əhalini müdhiş bir amansızlıqla qətlə yetirirdilər. Qaniçən vəhşilər heç kimə: qocalara, körpələrə hətta hamilə qadınlara belə aman vermirdilər.
Bütün bu ədalətsizliklərlə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı.
Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər.
Komendant saatı tətbiq olundu. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Dağlıq Qarabağda erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış “Meydan hərəkatı” tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı. Dekabrın 4-dən 5-ə keçən gecə sovet ordusu «Meydan hərəkatı”nı yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insanlar həbs edilərək zindanlara salındı. Lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi.
Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. 1992-ci ildən bəri 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd edilir.

 

 

 

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırdı.

 

17.11.2020