Kaspi Təhsil Şirkətinin ağ xalatlı məzunlarI
Kaspi Təhsil Şirkətinin “Kaspi” Abituriyent kurslarında təhsil alan şagirdlərin böyük əksəriyyəti 2019\2020-ci tədis ilində tələbə adına layiq görülüb. Kaspi Təhsil Mərkəzinin Abituriyent kurslarının 10 məzunu isə eyni zamanda tibb təhsili üzrə tələbə adını qazanmağın sevincini yaşayır. Məzunlardan səkkizi Azərbaycan Tibb Universitetinin, ikisi isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına daxil olublar. Onlardan hər biri qəbul imtahanlarından 600-dan yuxarı bal toplayaraq ali məktəb tələbəsi adını qazanıb. Məzunlardan altısı müalicə işi üzrə təhsil alır.
.jpg)
Gənclər tələbə olmağın sevincini yaşadıqlarına görə “Kaspi” Abituriyent kurslarının həyatlarında önəmli rolunu qeyd edir və minnətdarlıqlarını bildirirlər.
Abituriyent kimi yenicə parta arxasından ayrılıb tələbə auditoriyasına daxil olan bu gənclərlə görüşəndə ilk dərslərinin təəssüratlarından doğan fərəhi duyunca bir daha əmin olursan ki, əzmkarlıq, çalışqanlıq, möhkəm iradə və həvəs məqsədə çatmaqda mühüm amildir.
“Tələbə adını qazanmağımızda məqsədyönlük və gərgin zəhmətimizlə bərabər “Kaspi” Abituriyent kurslarının yüksək təlim-tədris prosesini, müəllimlərinin peşəkarlıq və tələbkarlığını, işlərinə məsuliyyətlə yanaşmalarını xüsusi qeyd etməliyik”- deyən Tibb Universitetinin 1-ci kurs tələbəsi Nərmin Babayeva “Kaspi” Abituriyent kurslarının Sumqayıt filialında hazırlıq keçib: “Tələbə adını qazanmağıma görə özümü xoşbəxt hiss edirəm. Ali məktəbə qədər gələn yol asan olmadı. Hazırlıq keçdiyim kursun müəllim heyəti, tədris metodu biliklərə dərindən yiyələnməyimdə rol oynadı. Həkim olmaq arzum idi. Kursda müəllimlər bu arzuma çatmağıma düzgün istiqamət verməklə bərabər, məni həvəsdən düşməyə qoymadılar. Onların hər bir şagirdə fərdi və səmimi münasibəti, fənnləri dərindən öyrədə bilmə bacarıqları bizim də dərslərə məsuliyyətlə yanaşmağımıza və biliklərə yiyələnməyimizə yol açdı”. N.Babayeva repetitor hazırlığı ilə müqayisədə abituriyent kurslarındakı tədrisin üstün cəhətlərini qeyd edir: “Bu kurslarda tədris prosesi sistemli qurulur. Orta məktəb kimi keçilən dərslərə cədvəldə yer ayrılır. Repetitor hansısa dərsi, saatı dəyişdirə bilər, amma kurslarda belə hallar olmur. Əvvəlcədən şagirdə bütün tədris ilinin proqramı təqdim olunur və onun əsasında dərs keçilir. Hər ayın sonunda keçirilən sınaq imtahanları isə biliyin dəyərləndirilməsinə imkan yaradır. Bu imtahanlarda özünün nəyə qadir olduğunu bilir və daha yaxşı hazırlaşırsan. Kurs sosial fəaliyyətin inkişafına da şərait yaradır”.
.jpg)
N.Babayeva həkimlik peşəsinin sirlərinə dərindən yiyələnmək, xalqımıza gərəkli vətəndaş olmaq arzusundadır: “Universiteti bitirəndən sonra təhsilimi xaricdə davam etdirmək fikrindəyəm. Uzman həkim olmaq, peşəmi dərindən bilmək, müəllimlərimin və valideynlərimin etimadını doğrultmaq istəyirəm. Bu gün ölkəmizin bizim kimi gənclərə ehtiyacı var”.
Bəyim Qəhrəmanlı da Tibb Universitetinin müalicə işi fakültəsinin tələbəsi adını qazanmasının sevincini yaşayır. O, “Kaspi”nin Əhmədli filialında 3 il hazırlıq keçəndən sonra bu arzusuna çatıb: “Buna görə “Kaspi” Abituriyent kurslarına minnətdaram! Bu kursda daha az vaxt itkisi ilə daha çox dərs oxuya bilirdim. Hər ay keçirilən sınaq imtahanları biliklərimizi daha da təkmilləşdirməyə imkan verdi. İlk sınaq imtahanlarında yaxşı nəticə göstərdiyimə görə müəllimlər mənə daha da inanmağa başladılar. Onların inamı uğur qazanmağımda rol oynadı. “Sən bacaracaqsan” sözlərindən gözəl motivasiya ola bilməz. Budur, mən artıq tələbə adını qazanmışam və özüm də, ailəmiz də bunun sevincini yaşayırıq”. B.Qəhrəmanlı institutu bitirəndən sonra əksər yaşıdları kimi magistratura pilləsini xaricdə davam etdirmək niyyətindədir: “Əsas məqsədim təkcə yaxşı həkim olmaq yox, həm də vətənimə, xalqıma lazımlı vətəndş olmaq, fayda verməkdir. İnanıram ki, bu arzum da reallaşacaq”.
Aytən Cəfərova Kaspi Təhsil Mərkəzinin Gəncə filialının abituriyent kurslarında hazırlıq keçib. Həkimlik uşaqlıq arzusudur: “Bu arzuma çatmaq üçün təbii ki, yaxşı oxumaq, fənnləri ətraflı mənimsəmək, gecəli-gündüzlü çalışmaq lazım idi. “Kaspi”abituriyent kursları bu yolda mənə bələdçi oldu. Müəllimlərin qayğısını daim üzərimdə hiss etdim, onlar məni həmişə ruhlandırdılar. Dərs prosesində anladım ki, məqsədə çatmaq üçün yalnız irəli getmək, çalışmaq lazımdır. Nəticədə Tibb Universitetinin Tibb fakültəsinə daxil oldum. Özümü xoşbəxt hiss edirəm. Buna görə müəlimlərimə və ailəmə minnətdaram!”
Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində müalicə işi ixtisası üzrə təhsil alan Sevil Ələsgərli IX sinifdən “Kaspi”-nin Gəncə filialında oxuyub. Hazırlıq kursunun ilk sınaq imtahanında zəif bal toplasa da həvəsdən düşməyib: “İmtahan verib kursa daxil olanda yüksək bal toplaya bilmədim. Amma kursda təhsil alınca müəllimlərin tələbkarlığı sayəsində növbəti sınaq imtahanlarında yüksək bal topladım. Hiss etdim ki, həkim olmaq üçün arzuma çata bilərəm. Sadəcə daha çox oxumaq, dərslərə məsuliyyətlə yanaşmaq lazım idi. Mehriban, səmimi və tələbkar müəllim kollektivi bu yolda mənə yardımçı oldu. Ümumiyyətlə, onlar bizə təkcə fənnləri tədris etmirdilər, həm də motivasiya edir, ruhdan düşməyə qoymurdular. Müəllimlər bizi həmçinin vətənə layiqli vətəndaş kimi yetişdirir, milli ruhu aşılayırdılar”. S.Ələsgərli “Kaspi” Abituriyent kurslarında oxumağın üstünlüyünü də qeyd edir: “Hazırlıq kurslarında oxumağın əsas üstünlüyü ətrafında digər şagird və abituriyentlərlə ünsiyyət imkanının olmasıdır. Bu çevrədə hamı bir-birini tanıyır, dostluq edir. Bir müddətdən sonra ailə kimi olursan. Müəllimlərin abituriyentlərə səmimi və məsuliyyətlə, peşəkar yanaşması isə bizi təkcə dərsləri öyrənməyə təhrik etmirdi, həmçinin məsuliyyətli olmağa çağırırdı. Bu baxımdan “Kaspi” müəllimlərinin üzərimizdə zəhməti böyükdür”.
Bu gənclərin - gələcək həkimlərin arzuları sonsuzdur. Onlar hətta hazırda ölkəmizin Ermənistanla davam edən Vətən müharibəsində döyüşmək, ordumuza dəstək olmaq istəklərini də gizlətmirlər: “Hər birimiz Vətənin dar günündə onun yanında olmalıyıq. Nə qədər ki, Azərbaycan torpaqları düşmən işğalından azad olunmayıb, biz də rahat ola bilmərik. Yaxşı oxumağımızla, peşəmizə dərindən yiyələnməyimizlə, layiqli vətəndaş kimi yetişməyimizlə Vətənimizə töhvə verməyə çalışacağıq”.
Qeyd edək ki, Kaspi Liseyinin iki məzunu da bu tədris ilində gələcəyin həkimi olmaq arzularına qovuşublar. Məzun Əzizağa Hüseynov İstanbul Medipol Universitetinin Beynəlxalq tibb fakültəsinə, Nuranə Heydərova Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə daxil olub. Ümumilikdə Kaspi Təhsil Şirkətinin 12 məzunu 2019\2020-ci tədris ilində tibb təhsili üzrə uğur qazanıb.
Məzunlarımıza uğurlar arzulayırıq!
Məzunlarımızın siyahısı: