XƏBƏRLƏR

Hazırlıq kurslarımızda dezinfeksiya tədbirləri gücləndirilib

Ölkəmizdə COVID-19-a yoxulmanın yenidənartması ilə əlaqədar “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilib. Məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Kaspi Təhsil Şirkəti özəl təhsil müəssisəsi olaraq Nazirlər Kabinetinin qərarının icrası ilə bağlı zəruri tədbirləri həyata keçirir.

Şirkətimiz abituriyent hazırlığı kurslarında və “Kaspi Kids” məktəbəqədər hazırlıq mərkəzlərində sanitar-epidemioloji qaydalara ciddi riayət etməklə bütün əməkdaşların və təhsilalanların sağlamlıq və təhlükəsizliyini ciddi nəzarətdə saxlayır. Belə ki, hazırlıq mərkəzlərimizdə çalışan əməkdaşlardan iş prosesi zamanı tibbi maskadan istifadə etmələri tələb olunur və girişdə izdiham yaratmamaq üçün uşaqlar fərqli vaxtlarda qəbul edilir. Uşaqlar mərkəzlərimizə gəlməmişdən əvvəl və məşğələlərdən sonra bütün otaqların və avadanlıqların ümumi təmizlənməsi aparılır, oyun meydançaları və otaqlar tamamilə dezinfeksiya olunur.

Bütün əməkdaşlar işə gələrkən hərarətləri ölçülür, yüksək hərarət qeydə alındığı zaman həmin işçi geri qaytarılır və dərslər növbətçi müəllimlər tərəfindən əvəz olunur. Binaya daxil olan hər kəs mütləq əllərini dezinfeksiya edir. Virusun yayılma riskini minimuma endirməkdən ötrü valideynlərin mərkəzlərimizə gəlməsi üçün cədvəl tərtib edilib. Kaspi Abituriyent kurslarında və “Kaspi Kids” məktəbəqədər hazırlıq mərkəzlərinin dəhlizlərində və giriş qapısının çöl tərəfdən divarına COVID-19 pandemiyası ilə əlaqədar davranış qaydaları ilə bağlı posterlər və məlumat lövhələri vurulub. Qeyd edək ki, sanitar-epidemioloji tədbirlər karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim- tərbiyə prosesinin təşkili zamanı müəllim və təhsilalanların sağlamlığının qorunması məqsədi daşıyır.

 

 

 

20.10.2020