Müstəqillik bayramını Qarabağda qeyd edirik!
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalqımız bu tarixi bayram kimi qeyd edir.
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı: sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Bu gün Azərbaycan xalqı müstəqilliyini qoruyub saxlamaq üçün mücadilə edir. Mənfur ermənilərin işğal etdiyi torpaqlarımızın azad edilməsi uğrunda haqq savaşı aparır. Şiddətli döyüşlər bütün xalqımızı Ali Baş Komandan İlham Əliyevin və Silahlı Qüvvələrimizin ətrafında səfərbər edib. Hamı yekdilliklə “Qarabağ Azərbaycandır!” deyir. Dünyanın dörd bir yanında yaşayan milyonlarla soydaşımız da ölkəmizin haqq səsinə səs verir.
Sentyabrın 27-dən Ermənistan-Azərbaycan arasında başlayan müharibə hazırda Milli Ordumuzun zəfər döyüşləri ilə davam edir. Bir neçə rayonda, kənddə, yüksəklikdə Azərbaycan Bayrağı dalğalanır. Xalqımız inanır ki, Milli Ordumuzun müzəffər yürüşü Dağlıq Qarabağ torpaqlarının və ona bitişik ərazilərin tamamilə düşmən işğalından azad edilməsi və yurd yerlərimizdə üçrəngli bayrağımızın dalğalanması ilə başa çatacaq. Bu qələbə Müstəqillik Günümüzə, Azərbaycanın müstəqilliyinin əbədiliyinə ən böyük hədiyyə olacaq.
Azərbaycanın müstəqilliyi daimi və əbədidir!
Qarabağ Azərbaycandır!