Kaspi Liseyi Qızıl medal alan məzunlarını mükafatlandırdı
Kaspi Liseyi Qızıl medal alan məzunlarını mükafatlandırdı
Kaspi Liseyi Bakıxanov filialının iki məzunu ötən tədris ilində təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənmələrinə görə Təhsil Nazirliyi tərəfindən Qızıl medala layiq görülüb. Liseyin məzunları - Heydərova Nuranə Arif qızı və Hüseynov Əzizağa Fərid oğlunun nəaliyyəti təhsil aldıqları məktəbin digər şagirdləri üçün də örnəyə çevrilib.
Hər iki məzun artıq ali məktəb tələbəsi adını qazanıb. Nuranə Heydərova Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika, Əzizağa Hüseynov isə İstanbul Medipol Universitetinin Beynəlxalq Tibb fakültəsinə daxil olub.
Kaspi Liseyi Bakıxanov filialında Qızıl medala layiq görülən hər iki məzunun mükafatladırılma mərasimi də təhsil müəssisəsinin öz şagirdlərinin müvəffəqiyyətinə sonsuz qürurunu ifadə etdi. Koronavirus pandemiyası ilə əlaqədar məhdud çərçivədə keçirilən mükafatlandırmada Kaspi Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev çıxış edərək məzunları təbrik etdi: “Siz təhsilinizdə böyük uğur əldə etmisiniz. Ali məktəbə daxil olmaqla daha bir hədəfinizə çatdınız. İnanırıq ki, daha böyük uğurlarınız irəlidədir”.
Kaspi Liseyinin Təhsil Şurasının sədri Sona Vəliyeva məzunları təbrik edərək “Siz Liseyin məzunu kimi Qızıl medala layiq görülməklə yeni bir cığır açdınız. Bu cığırla məktəbin digər uşaqları gedəcək. Siz onlara ən yaxşı örnək oldunuz. İnanıram ki, bundan sonrakı hədəfləriniz daha yüksək olacaq. Siz vətənimizə layiqli vətəndaş, savadlı mütəxəssis kimi gərəkli olacaqsınız. Kaspi Liseyi bundan sonrakı fəaliyyətinizdə də öz məzunlarını dəstəkləməyə hazırdır”.
Məzun Nuranə Heydərova Kaspi Liseyinin rəhbər və müəllim heyətinə minnətdarlığını bildirərək məktəbin qazandığı nəaliyyətlərdə böyük rol oynadığını söylədi: “Uğurlarımda Liseyin müəllimlərinin böyük əməyi danılmazdır. Onlar bütün şagirdlərə həssaslıqla yanaşır, düzgün hədəf seçməyə istiqamətləndirirlər”. N.Heydərova arzusunun uzman həkim olmaq olduğunu dedi: “Azərbaycan Tibb Universitetini bitirdikdən sonra arzum xaricdə rezidentura təhsili almaqdır. Daha sonra savadlı bir mütəxəssis kimi ölkəmizə qayıdıb xalqımıza xidmət etmək istəyirəm”. N.Heydərova təhsil alan gənclərə səslənərək arzuya çatmaq üçün gecə-gündüz oxumaq lazım olduğunu bildirdi: “İstərdim ki, qarşılarına ali məktəbdə oxumaq hədəfi qoyan gənclər nəticələrinə heç vaxt “kiçik” deməsinlər, müəllimlərini diqqətlə dinləsinlər, onların zəhmətini dəyərləndirməyi bacarsınlar. Onlar dərslərini müntəzəm oxusalar, istədikləri məqsədə çatacaqlar. Hər şey çəkilən zəhmətdən asılıdır”.
Nuranə Heydərovanın anası Sevinc Heydərova “Övladımın uğuru mənim var- dövlətimdir” - deyə sevincini bölüşdü: ”Bu, təkcə bir məzunun və valideynin deyil, həmçinin məktəbin və müəllimlərin uğurudur. Mən bütün “Kaspi” ailəsinə təşəkkürümü bildirirəm!”
Liseyin digər məzunu Əzizağa Hüseynov uğurlarını təsadüfi yox, gecəli-gündüzlü zəhmətinin bəhrəsi adlandırdı: “İnsan çalışanda uğur onu tapır. Mən sırf Qızıl medal almaq üçün yox, savad əldə etmək üçün oxudum. Əgər bir şagird uğur qazanmaq istəyirsə, özünü hərtərəfli inkişaf etdirməli, sosial və dərsdənkənar fəaliyyətini genişləndirməlidir. Məktəbdəki biliklərimiz bizə yetməyə bilər. Çünki yaşadığımız dövr müxtəlif bacarıqlar tələb edir”. Ə.Hüseynov bilik və bacarıqlarının üzə çıxmasında və inkişafında Kaspi Liseyinin böyük rolu olduğunu qeyd etdi: “Lisey məni istiqamətləndirməkdə, istedadımı üzə çıxarmaqda kömək etdi. Mən özümü kəşf etməsəydim, bu uğurları qazana bilməzdim”. Ə.Hüseynov təhsil alan gənclərə səslənərək “Həyatda uğur qazanmaq üçün qarşıya hədəf qoymaq lazımdır”- deyə səsləndi: “Məqsədə çatmaq üçün gərgin çalışmalısan. Uğura gedən yol zəhmətdən keçir”. Ə.Hüseynov ali təhsilini bitirdikdən sonra tibb elminə tədqiqatçı kimi töhfə vermək istədiyini gizlətmədi: “Elmə yenilik gətirən həkim olmaq, adımı tarixə tədqiatçı tibb işçisi, yaradıcı şəxs kimi yazdırmaq istəyirəm. Arzum “Nobel” mükafatını Azərbaycana gətirməkdir. Hələ yolun başlanğıcındayıq, hər şey irəlidədir”.
Məzunlara Qızıl medallar və Liseyin xüsusi hədiyyələri təqdim olundu.
Sonda xatirə fotoları çəkildi.
