"Qarabağ Azərbaycandır!"
Azərbaycan xalqının gözü Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlərdədir. Xalqımız səbirsizliklə böyük QƏLƏBƏ xəbərini, işğalda olan torpaqlarımızın azad olunacağı günü gözləyir. Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xətti boyunca erməni təxribatının qarşısının alınması və işğal edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində hücumlarını davam etdirir və ermənilərə ağır zərbələr endirirlər.
Dünən “Qarabağ Azərbaycandır. Qarabağ bizimdir”- deyə əks hücum nəticəsində bir neçə kəndin, strateji yüksəkliyin və postların işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyevin otuz ilə yaxın davam edən işğala son qoyulacağına əminliyini ifadə etməsi ölkə əhalisində qələbəyə inam hissini daha da artırdı.
Ehtiyatda olan hərbçilərimiz, yaşından asılı olmayan vətəndaşlarımız haqq savaşımızda iştirak etmək üçün müraciət edirlər. Səfərbər olmaq istəyənlər arasında çoxlu gənclər var. Onların müharibədə döyüşmək, torpaqlarımızı işğaldan azad etmələri üçün milli-vətənpərvərlik hisslərinin yüksək olması qürur doğurur. Gənclərin ürəyi döyüş və qələbə əzmi ilə döyünür. Təbii ki, bu hissin insanlarda, xüsusən böyüyən nəsildə tərbiyə olunmasında təhsilin, məktəblərin pedaqoji heyətinin böyük rolu var.
“Milli təhsil amalımızdır” şüarı ilə təhsilimizə töhfələrini verən Kaspi Təhsil Şirkəti də fəaliyyətində böyüyən nəslin milli yaddaşının formalaşmasına xüsusi önəm verir. Təhsil şirkəti fəaliyyətində təhsilalanlara vətənpərvərlik hissinin, milli-mənəvi şüurun təbliği və aşılanması işini mühüm istiqamət seçib. Şirkətdə yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət işinin təbliği, ölkənin bütün milli dəyərlərinə hörmət hisslərinin aşılanması şirkətin fəaliyyətində ən ümdə vəzifələrdəndir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
KTŞ-nin Kaspi Liseyi öz fəaliyyətində böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilində, vətəndaş hazırlığında, Azərbaycançılıq və yurdsevərlik ideyalarının böyüyən nəsil arasında təbliği istiqamətində fəaliyyətini düzgün qurur. Liseydə mütəmadi olaraq tanınmış ziyalılar, alimlər, müharibə veteranları, Vətən müharibəsi iştirakçıları, Milli Qəhrəmanlarla görüşlər təşkil olunur. Şəhid ailələri şirkətin diqqətindən kənarda qalmır. Vətənpərvərlik mövzusuna dərslərdə xüsusi yer ayrılır, şagirdlərə işğal olunan ərazilərimiz, şəhidlərimiz haqqında məlumat verilir, onlar Dağlıq Qarabağın tarixi ilə bağlı geniş məlumatlanırlar. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi liseydə həyata keçirilən hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçib.
Sentyabrın 27-dən başlayaraq təmas xəttində baş verən hadisələri Kaspi Təhsil Şirkətinin bütün kollektivi həyəcanla izləyir, işğal altında olan yurd yerlərimizin azad olunmasına sevinir, şəhidlərimizə, itkilərimizə üzülür, beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatını hiddətlə pisləyir, ölən və yaralananların ailəsinə dərin hüznlə başsağlığı verir.
Hazırda Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün də ölkədə qismən səfərbərlik elan edilib.
“Qarabağ Azərbaycandır” çağırışına Kaspi Təhsil Şirkətinin əməkdaşları hamılıqla səs verir. Ordumuzda və cəmiyyətimizdə böyük ruh yüksəkliyi və döyüş əzmi hamımızı qürurlandırır. Xalqımız “İşğala son qoyulacaq. Zəfər bizim olacaq” deyə əzmkarlıqla bildirən Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib və qələbənin yaxında olduğuna inanır.
Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda qalibiyyət arzulayırıq!