Kimya üzrə test bankı

Kimyadan test tapşırıqları - Abituriyent və orta məktəb şagirdləri üçün

Təqdim olunan test toplusu şagird və abituriyentlərə vahid test toplusundan istifadə edərək buraxılış və qəbul imtahanlarına tam və uğurla hazırlaşmağa kömək etmək məqsədilə yazılmışdır. Test toplusu ali məktəblərə qəbul imtahanı proqramı və orta məktəb dərsliklərinin tədris materialları əsasında tərtib olunmuş, həmçinin son 10-15 ildə qəbul və sınaq imtahanlarında rast gəlinən, lakin dərsliklərdə tam əksini tapmayan yeni tip hesablama, nəzəri və qrafik tapşırıqlarını da əhatə edir. Eyni zamanda kimya fənni üzrə respublikamızda mövcud olan test topluları da araşdırılaraq onların müsbət cəhətləri bu topluda öz əksini tapmışdır.

Test tapşırıqları haqqında:

1. Topluda tapşırıqlar mövzular üzrə verilir.

2. Hər bir bölmədə tapşırıqlar tədris materialı üzrə ardıcıl

şəkildə verilir.

3. Test tapşırıqlarının A variantı baxılan mövzunu sadə

tapşırıqlar şəklində tam əhatə edir. Tapşırıqların B variantında isə bir qədər düşündürücü suallar verilmişdir. Başqa sözlə A variantı I qrup ixtisasları, A və B variantları IV qrup ixtisasları üçün nəzərdə tutulmuşdur.

4. Hər bir bölmənin A variantının sonunda açıq test

tapşırıqları verilir.

5. Tapşırıqların cavabları toplunun sonunda verilmişdir.

Vəsait orta məktəb şagirdləri və abituriyentlər, həmçinin orta məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur.

Kimya 540 Məsələ həlli (Orta məktəb şagirdləri və abituriyentlər üçün)

Bu kitabın məqsədi şagirdlərə əsas anlayış, qanun və nəzəriyyələrini əks etdirən məsələlərin həlli yollarını öyrətmək və bununla da bu nəzəri biliklərin dərindən dərk edilməsinə kömək etməkdir.

Kitabda müvafiq mövzular üzrə sistemləşdirilmiş 540 məsələ və tapşırıq həlli ilə birlikdə verilmişdir. Bunların əksəriyyəti orta məktəb proqramında nəzərdə tutulan tipik məsələləri əhatə edir.Eyni zamanda son illərdə (2003 – 2011) sınaq və qəbul imtahanlarına, həmçinin test tapşırığı nümunələrinə orta məktəb dərsliklərində əks olunmayan yeni və nisbətən mürəkkəb məsələ tiplərinin daxil edildiyini nəzərə alaraq, kitabda bu məsələ növlərinin həlli yolları da araşdırılmışdır. Bu araşdırmalar yuxarıda göstərilən vəsaitlərdə verilən tapşırıqların mürəkkəblik dərəcəsinə uyğun misallar üzərində aparılmışdır. Sınaq və qəbul imtahanlarında, həmçinin test tapşırığı nümunələrində verilən tapşırıqlarla vəsaitdəki tapşırıqlar arasında əlaqə yaratmaq məqsədilə kitabın sonunda (səh. 107) göstərici verilmişdir.

Bu kitab orta məktəb şagirdləri və abuturiyentlər, həmçinin orta və orta ixtisas məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuşdur.