Məsləhət səhifəsi

Valideynlərə verilən Məsləhətlər

  • Yeniyetmələrin yaşlarına uyğun  səciyyəvi xüsusiyyətləri vardır. Hər bir valideyn bu xüsusiyyətləri nəzərə alaraq ünsiyyət qurmalıdır.
  • Yeniyetmələrlə qurulan müsbət yönlü ünsiyyət dərs oxuma həvəsini artırmaqla bərabər imtahanlarda da yaxşı nəticə ala  bilmələri üçün zəmin yaradır.
  • Yeniyetmələr tənqid və iradı sevmədikləri üçün onlara məsləhətlər verərkən bir  çox  nüanslara xüsusi  diqqət edilməli, valideynlər işlədəcəkləri ifadə və kəlimələri ehtiyatla seçməlidirlər.
  • Valideynlər öz uşaqlarını başqaları ilə müqayisə etməməlidir. Belə olduqda adətən onlar günahkarlıq və xəcalət hisslərinə qapılaraq özlərinin gücsüz olduqlarını güman edərlər ki, bu da onların getdikcə ətrafdan təcrid olunmasına şərait yaradar.
  • Hər gün “oxu” tələbi onlarda özlərinə olan inam hissini zəiflədər.
  • Başqalarının həyatından nümunə göstərilməklə onlara standart həyat yolu təyin edilməməlidir. Onlar tərəfindən bu inkişaf yolu  zirvəsi aşılmayan bir dağ kimi təsəvvür edilir. Halbuki hər insanın özünə məxsus  çətinlikləri  həll etmə  yolu vardır.
  • “Niyə dərslərini oxumursan?” kimi ifadələr mühakimə xarakterli olduğundan onlara mənfi təsir bağışlayar. Yeniyetmələr bu ifadələrdən ”Sən bacarıqsızsan.”,”Sənə inamım yoxdur” kimi mənalar çıxarda bilərlər.
  •  Dərs oxumaları ilə bağlı tez-tez tənqidlər edilməməli və iradlar tutulmamalıdır.
  • Onlara imtahan və sınaqda göstərdikləri mənfi və müsbət nəticələrinə görə xüsusi dəyər verilməməli, xüsusi münasibət göstərilməməlidir, lakin bu şagirdin layiq olduğu lazımi tərif və tənqidi də istisna etməməlidir.
  • “Bütün günü dərs oxumalısan” deyərək uşaqlarınızı əyləncə və istəklərindən məhrum etməyin.
  • “Dərsinə bu şəkildə hazırlaş”,”Sənə necə dərs hazırlaşacağınla bağlı plan hazırlayım” kimi düşüncələrlə onlara  məcburi müdaxilələr etməyin, lakin bu o demk deyil ki, təcrübəli böyüklər öz övladlarına məsləhət verməməlidirlər, ehtiyac olduqda əlbəttə ki, onlara lazımi yön verilməlidir.
  • “ Biz sizin üçün çox əziyyət çəkirik! ”,” Oxuyun başımızı uca edin! ” ifadəsi onlarda borcluluq hiss yaradar və özü istədiyi üçün deyil, valideynlərinin istəkləri üzrə oxumağa çalışarlar ki, bu da onlarda imtahan həyacanın yaranmasına  səbəb ola bilər.
  • “ Oxumasan fəhlə olacaqsan! ”,” Gələcəyini bu gündən düşünməlisən! ” və ya “ Ağıllı ol! ” kimi ifadələr onlarda gələcəklə bağlı qorxular  yaradır. Eyni zamanda abituriyentlərdə gələcəklə bağlı qayğıları artırar, indiki anı deyil gələcək zamanı düşünmələrinə səbəb olar. Belə olduqda isə onlar öyrənməyə həvəssiz yanaşarlar ki, bu da tez bir zamanda yorğunluq, narazıçılıq kimi hallar yaradar; halbuki onlara prosesin özünü sevdirmək lazımdır, bu zaman öyrənmə mərhələsində olan insan yorulmaz, vaxtın necə keçdiyini hiss etməz, bu da öz növbəsində müsbət nəticənin alınmasına birbaşa təsir göstərər. 
  • Valideynlər övladlarını olduğu kimi qəbul etməlidirlər. Zəif və güclü tərəflərinə görə onlara nə alçaldıcı, nə də qibtəedici münasibət göstərməməlidirlər.
  • Onların hər bir istəkləri ilə maraqlanmalıdırlar. “ Günün necə keçdi? " “ Hər hansı bir çətinliyin varmı? ”, ” Sənə necə kömək edə bilərik? ” kimi həvəsləndirici ifadələr işlətməlidirlər.
  • Unutmayın övladınızın gələcək həyat rifahı sadəcə universitet oxumaqla həll olunmur.
  • Övladlarınınzın varlığı hər şeydən üstündür. Heç bir şey onlardan qiymətli deyil. Onları olduqları kimi qəbul edin və heç vaxtı sevginizi əskik etməyin.

Abituriyentlərə verilən Məsləhətlər

  • Keçmiş və gələcək zamanı deyil, indiki reallığı  düşünün və hər bir məqamı ağıl və düşüncə ilə yaşayın.
  • Valideynlərinizə olan borcunuzu universitetə qəbul olmaqla ödəyə bilməzsiniz. Heç bir insan ata və anaya olan borcunu ödəyə bilməz. “Universitetə qəbul olsaydım ata və anama olan borcumu ödərdim” yanaşması səhv bir yanaşmadır. Valideynlərinizə borcunuzu az da olsa ödəmək istəyirsinizsə, gözəl axlaqa yiyələnin, onları hörmət və ehtiramınızdan və qayğınızdan məhrum etməyin.
  • Çarəsizlik hisslərinə qapılaraq “Yaşamağın yolu tək universitetdir” deyə düşünməyin. Həyat təkcə ali məktəbdən ibarət deyil, başqa alternativlərin olduğunu da unutmayın.
  • "Desinler" İnsanların, "Əhsən o universitetə qəbul oldu ” demələri üçün ilə xəyallara qapılaraq tələbə olmaq arzusu ilə yaşamayın. Bu sizdə gizli həyacan və stressin yaranmasına səbəb ola bilər. Qonum-qonşu, dost-tanışı düşünərək, onların sizə vermiş olduğu dəyərlərə görə imtahanlara hazırlaşmaq faydasızdır. Bu zaman siz özünüz də bilmədən öz həyatınızı - sizə lazım olan həyatı yox, onların sizin üçün müəyyən etdiyi həyatı yaşamış olursunuz.                     Unutmayın ! Öz planları olmayan insan başqalarının planlarını icra etməyə məhkumdur !
  • Ətrafdakı insanları(Qonşular, qohumlar, dost və tanışlarımız) düşünərək onların sizə vermiş olduğu dəyərlərə görə imtahanlara hazırlaşmaq faydasızdır.
  • “ Səndən imtahanlarda 25 düzgün cavab gözləyirik " ifadəsini əsas tutmayın. Bu sizlərdə gizli bir həyacanın yaranmasına səbəb olar, amma özünüz bunu şüurlu şəkildə qarşınıza hədəf qoymusunuzsa, bu təqdirəlayiq haldır.
  • Vaxtdan səmərəli və planlı şəkildə istifadə etməyə çalışın. Səhər saat 09-dan gecə saat 12-yə qədər dərs oxumaqla zehninizi yormayın.Bu, öyrəndiklərinizi sonuna qədər yaddaşda saxlamağa çətinlik yarada, sinir sisteminizi korlaya bilər. Unutmayın ki, bıçaq fasiləsiz olaraq istifadə edildikdə korlanır, itilənmir. Siz də özünüzə istirahət verməklə, beyninizi və yaddaşınızı " itiləyin " .
  • Dərs oxuyarkən  diqqətinizi əsas obyektə yönəltməyi öyrənin.
  • İmtahan ərəfəsində ən çox edilən xətaladan biri də test kitabçasındakı sualları tam olaraq sona kimi oxumamaqdır və ya cümlənin sonundakı sözləri fərqli olaraq oxumaqdır. Bu nöqsanlara yol verməmək üçün təmkinli davranmalı və vaxtı idarə etməyi öyrənmək lazımdır.
  • Bir işin uğurlu alınması üçün işin gedişinə və inkişafına əhəmiyyət verin.
  • İmtahan qabağı istirahət edilməli, gecə saatlarına qədər dərs oxumamalı və tez yatmağa cəhd göstərilməlidir.
  • “ Oxuduqlarım yadımdan çıxacaq ”,” İmtahanda bütün sualları yazmağa vaxtım çatmayacaq ”,” Imtahanda zəif nəticə göstərsəm insanların üzünə  necə baxacam?! ” kimi imtahan qabağı mənfi yüklü, yorucu emosiyalı düşüncələrə qapılmayın.
  • Zehninizi yoran hər mənfi düşüncəyə qarşılıq olaraq müsbət halları düşünərək imtahan həyacanını aradan qaldırmağa çalışın. Bundan başqa, yüngül idman hərəkətləri və rəqslə də məşğul ola bilrsiniz.
  • Test işlərkən ilk əvvəl əsas fənlərin suallarından başlayın. Ümumi olaraq bütün testə nəzər salın, ən asan suallardan yazmağa başlayın. Sualları 3 mərhələyə  bölün: asan, tərəddüdlü və çətin olan. Digər fənləri də eyni qayda da davam etdirin.

Unutmayın ki, bilik qazanmaq üçün çalışqan olmaq, nəticə əldə etmək üçün məqsədli olmaq, yüksəlmək  üçün əziyyət çəkmək, arzuolunan şəkildə yaşamaq üçün ətrafımızdakı insanları, ideyaları və hadisələri düzgün qavramaq və obtektiv qiymətləndirmək vacibdir.

Dərsə Necə hazırlaşmalı? Bunun üçün gələcək tələbə ilk növbədə ÖYRƏNMƏYİ ÖYRƏNMƏLİDİR.

  • Hər bir abituriyentin dərslərini yaxşı hazırlaya bilməsi üçün özünə aid hazırlıq otağı olmalıdır.
  • Dərslər səssiz bir yerdə oxunulmalıdır
  • Hər bir abituriyentin daha yaxşı dərslərini hazırlaya bilməsi üçün vaxtdan səmərəli şəkildə istifadə etmə qaydalarına əməl etməlidir. Bunun üçün 2 iş icrası planı həyata keçirilməlidir : a) Ümumi iş plan b) Dərsmənimsəmə iş planı              
  • Ümumi iş planı həftəlik olaraq tərtib olunmalıdır. Bu iş planında abituriyentin dərsmənimsəmə iş fəaliyyəti ilə bərabər özünün digər şəxsi iş fəaliyyətləri də yer almalıdır. Dərsmənimsəmə fəaliyyətində abituriyentin istirahət saatlarının da müəyyən edilməsi vacib məsələlərdən biridir. Dərs iş planı da həftəlik olaraq tərtiblənir. Bu iş planında sadəcə oxunulacaq dərslərlə bağlı işlərin planı hazırlanır.

Hər iki iş planında həftənin bütün - 7 gün - günləri müəyyən edilir. Ümumi iş planında “Görüləcək işlər”, ”Tarix”, ”Saat” və “Növbəti planlama” başlıqları yer almalıdır. Dərs oxuma iş planında isə “Oxunulacaq dərslər”, ” İcra edilmiş ”,” İcra edilməmiş ” və “ Növbəti planlama ” başlıqları yer almalıdır.

  • Öyrənilən mövzuların daimi yaddaşa hək olunması üçün iki əsas şərt nəzərə alınmalıdır: a) Zehin yorğunluğuna yol verməmək. b) Dərk edərək dərs oxumaq
  • Yüksək keyfiyyətli dərs oxumaq üçün vacib olan aşağıdakı  şərtlər yerinə yetirilməlidir: a) Dərs oxumaq üçün məqsədli olmaq b) Dərs mövzusunu oxuma vəziyyətində istəkli olmaq c) Seçici yanaşmaq ç) Anlayış və terminlərin mənasını öyrənmək, ziddiyət yaradan və sual doğuran məqamları araşdıırmaq və biliyi dəqiqləşdirmək.
  • Səsli olaraq dərs oxumaq, imkan varsa oxuduqlarını başqalarına danışaraq dərsi təkrarı etmək
  • Qeydlər edərək dərs oxumaq
  • Analitik düşüncə və məntiqi təfəkkürü inkişaf etdirmək
  • Konkret və mücərrəd düşünməyi inkişaf etdirmək
  • Digər abituriyentlərlə  birgə mövzulara qrup şəklində hazırlaşmaq
  • Öz-özünü qiymətləndirərək və yoxlayaraq hazırlaşmaq
  • ” Operativ öyrənmə qaydaları ”dan ( Tez öyrənmə üsulları ) istifadə etmək
  • Azdan çox olana doğru öyrənmək - öyrənilən mövzulardakı elementləri daha yaxşı və hərtərəfli olaraq mənimsəmək və onlara xas əlamətləri də bütün incəliklərinə görə qavramaq üçün aşağıdakı sıralamaya əməl edilməlidir.
  • Mərhələli öyrənmək ( ilkin, orta, son )
  • Dərəcələndirərək öyrənmək ( sabit, dəyişkən, nisbi, izafi )
  • Şəkilləndirərək öyrənmə (İzah edilən və ya oxunulan mövzuları dərk etmək üçün elementləri şəkil olaraq inşa etmək və zehində mücərrəd olaraq canlandırma və ya təsvir etmək)
  • Təsnifatlandıraraq öyrənmək (Mövzuları digər mövzularla əlaqələndirirək zənginləşdirmək və şaxələndirmək  

Bundan başqa imtahana 8-10 gün qalmış aşağıdakıların icrası məsləhətdir :

a) Ümumi dərs materiallarına nəzər salınır və müəyyən başlıqlar altında xüsusi qruplara ayrılır ( Buna sadəcə  1 gün vaxt ayrılır ) 
b) Birinci mövzu oxunulmamışdan qabaq o mövzuyla bağlı əsəs fikirlər və ya anlayışlar müəyyən edilir, xüsusi qeydlər alınır (1/2  gün)
c) Mövzular oxunularaq təkrar edildikdə tam olaraq aydın olması üçün xüsusi qeydlər alınır, daha sonra tez təkrar edilməsi üçün alınan xüsusi qeydlərdən də çox qısa  qeydlər çıxardılır. (2 gün) 
ç) Mövzu tamamlandıqdan sonra lazım olan əsas fikir və düşüncələr, məfhumlar və anlayışlar gözdən keçirilir və daimi yaddaşda qalıb -qalmaması yoxlanılır (1/2 gün) 
d) İmkan olduqda digər abituriyentlərlə bir yerə gələrək öyrənilən mövzularla bağlı fikirləri onlarla bölüşmək, eyni zamanda onların da mövzularla bağlı fikirlərini öyrənmək (2 gün)

  • Nəhayət, imtahandan bir gün əvvəl yaxşıca istirahət etmək - bu istirahət açıq və təmiz havada olsa daha yaxşı olar; ya motivasiyaedici ya da komik janrda olan filmlərə baxmaq; sağlamlıq üçün riskli hərəkətlərdən çəkinmək; vərdiş edilməmiş qidalardan uzaq durmaq lazımdır.

Peşə Seçimi

Müasir dünyada həyatı normal olaraq davam etdirə bilməyin  əsas şərti  yaxşı bir təhsil almaqdır.  Həyatımız boyu fasiləsiz bir şəkildə davam edən öyrənmə prosesi və bu müddət içərisində aldığımız qərarlar böyük ölçüdə gələcəyimizi təyin edir. Bu qərarlardan bəlkə də ən əhəmiyyətlisi peşə seçimidir. Peşələri tanımaq, onların bizdən istədiyi məlumat və şəxsiyyət xüsusiyyətlərini bilməmiz, bizi necə bir gələcəyin gözlədiyini zehinimizdə canlandırmamız, yaxşı bir peşə seçimi üçün ön şərtlərdir. Unudulmamalıdır ki, peşə seçimi yalnız bir iş sahəsini deyil bir həyat tərzini də seçməkdir.