Tədris sistemi

Şirkətimizin yaranmasında məqsəd ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaq olmuşdur. Hələ mərkəz yaranmamışdan öncə qarşımıza təhsilə fərqli yanaşma üsulunu tətbiq etməyi bir hədəf kimi qoymuşduq. Bu fərqliliyin mahiyyəti isə o dövr üçün (2000-ci illər) xarakterik olan çoxsaylı kursların qənaətbəxş olmayan fəaliyyəti nəticəsində yaranmış inamsızlığı aradan qaldırmaq idi.

Təhsilin səviyyəsi və metodologiyası ilə bağlı problemlərin ortaya çıxması hər bir dövr üçün təbii və xarakterikdir. Bizim cəmiyyət üçün isə ən səciyyəvi nöqsanlardan biri əzbərçi yanaşmadır, səbəb isə aydın olduğu kimi əksər imtahanların (TQDK, İşə qəbul və s) test üsulu ilə keçirilməsidir. Məhz bu səbəbdən də biz - təhsil xidmətləri təklif edən bir şirkət kimi tələbə və şagirdlərimizdə müstəqil təfəkkür tərzini, analitik düçüncə qabiliyyətini formalaşdırmaq, informasiya və bilikləri ümumiləşdirib analiz və sintez etmək bacarıqlarını yaratmaq və inkişaf etdirməyi prioritet hədəf olaraq seçmişik.

Müşahidələr də göstərir ki, əksər hallarda riyazi təfəkkürə malik olan abituriyentlər imtahanlarda daha yüksək nəcitə göstərir. Özündə riyazi qabiliyyətin çatışmadığını hiss edən tələbə isə humanitar sahələrə meyl edir. Nəzərə alsaq ki, humanitar sahədə daha çox əzbərçilik qabiliyyəti tələb olunur, bu halda onsuz da riyazi-məntiq qabiliyyəti zəif olan şagirdin passiv potensialının məhv olma ehtimalı daha da yüksək olur. Odur ki, yuxarıda sadalanan qabiliyyətləri vərdiş formasına salıb və inkişaf etdirmək zərurəti meydana gəlir. Bütün bunları nəzərə alaraq aşağıdakı şərtlərin yerinə yetirilməsini vacib hesab edirik:

  • Valideyndə övladı haqqında, abituriyentdə isə özü haqqında düzgün, şişirdilməmiş təsəvvür yaratmaq, hansı ki, bu məqsəd və hədəfin müəyyənləşdirilməsində vacib rol oynayır 
  • Abituriyentin potensialı ilə göstərdiyi nəticə arasında düz mütənasibliyə nail olmaq
  • Təhsilin  düzgün differensiyası: Dəqiqləşdirilməsi, seçilməsi və təbəqələşməsi

Bundan başqa Kaspi Təhsil Mərkəzlərində əhəmiyyətinə görə müəyyən əmsallarla təyin olunmuş təhsil prosesinin bütün komponentlərini ( gündəlik hazırlıq, həftəlik sınaq, daxili sınaq, davamiyyət, nizam-intizam) özündə əks etdirən REYTİNQ CƏDVƏLİ də yaradılmışdır. Bunların cəmi-tələbənin yekun xalını, reytinq cədvəlində mövqeyini bildirir. Buna əsasən abituriyentlər müvafiq olaraq təqaüd alır, təhsil haqqından azad olunur. Təbii ki, əsas məqsəd yüksək bal toplayıb ali məktəbə qəbul olmaqdır. Sadəcə olaraq bu sistemin üstünlüyü həm də ondan ibarətdir ki, təhsil mühitində rəqabət və fərqlənmək istəyi yaradır və belə olduqda tələbə bütün komponentlərə diqqət yetirməli olur. Bu baxımdan Anton Rubinştyenin aşağıdakı sözləri nəinki abituriyentlərə, hamıya aiddir: “Əgər bircə gün öyrənmirəmsə - bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə – bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə – bunu hamı hiss edir”. Bir sözlə  yüksək intellektuallıq, səmimilik, çalışqanlıq – bizim sistemin əsasını təşkil edir.