21 Dekabr 2015 -ci il tarixində "Milli Yaddaş" tədbiri keçirilmişdir.

 

 21.12.2015 –ci il tarixində “Kaspi” liseyində (Bakıxanov) “Milli Yaddaş” adı altında tədbir keçirilmişdir. Tədbirdə “Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, “Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev , Direktor müavinləri Aydın Əliyev və Əli İsgəndərov , “Kaspi” liseyinin (Bakıxanov) direktoru Tural Əliyev, “Kaspi” liseyinin (Xətai) direktoru  Asif Əzizov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, kinorejissor Cəmil Quliyev , Azərbaycanın xalq artisti,Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri Şəfiqə Məmmədova, Azərbaycanın xalq artisti Hacı İsmayılov, Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycanın xalq artisti Oqtay Mirqasımov, kinorejissor Ayaz Salayev iştirak etmişdirlər.  
  Tədbirin açılış nitqini söyləyən “Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva gələn qonaqları, şagird və müəllimləri salamlamış və tədbirdə iştirak etdiyinə görə gələn qonaqlara təşəkkürünü bildirmişdir. "Milli yaddaşımıza, vətənimizə, elimizə və obamıza sahib çıxmaq üçün gərək dəyərli insanlarımızın əsrlər boyu topladığı, bizə sərvət qoyduğu və bundan sonra da bizə gərəkli olan müqəddəs nəsnələri qoruyub saxlaya bilək: «Heç bir millətin dövləti onun pulu və ya sərvəti ilə ölçülmür. Onun ədəbiyyatına, mədəniyyətinə, tarixinə verdiyi töhfələrlə ölçülür». S.Vəliyeva tədbirə qatılan görkəmli kino xadimlərini bir daha  salamlayaraq onların timsalında hələ neçə nəslin bu sənətin arxasınca gedəcəyini, onlardan örnək götürəcəyini qeyd etdi: «Dövlət millətin böyük bir evidir. İctimaiyyətdə olan ailələr isə sanki o böyük evin otaqlarıdır. Bu evin bünövrəsini möhkəmləndirən, daşını qoyan, başqa evlərdən fərqli edən isə onun yaradıcı insanlarıdır. O yaradıcı insanlar doğrudan da beynəlxalq festivallarda nüfuzlu mükafatlar qazanırlar. O yaradıcı insanlar böyük evimizi - bizim ölkəni dünyada tanıdırlar»
 Tədbirin davamında şagirdlər öz şeir və mahnı ifaları ilə çıxış etmişdirlər.Həmçinin maraqlı səhnəciklər nümayiş etmişdirlər.

«Kino ecazkar aləmdir» - deyən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, kinorejissor Cəmil Quliyev kinoya gəlişini, bu sahədə atdığı ilk addımları xatırladı. Belə ki, uşaq vaxtı oxuduğu məktəbin dram dərnəyində iştirak edən C.Quliyev sənətə böyük meyl göstərdiyini dedi: «Təbii ki, bu həvəs məndə kortəbii olmamışdı. Atam Elşad Quliyev televiziyada çalışırdı. Onun incəsənətə, teatra böyük həvəsi vardı və bu həvəsi məndə də oyatmışdı. Mən də öz taleyimi kino sənəti ilə bağladım».

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk sədri Şəfiqə Məmmədova məktəb illərindən danışaraq həmin dövrün həyatında böyük rol oynadığını xatırlatdı: «Məktəb illərimə minnətdaram ki, mənə savad, dünyagörüşü bəxş edib. Mən məktəbdə çox fəal olmuşam. Həm idmana, həm ədəbiyyata, həm coğrafiyaya, həm də tarixə xüsusilə önəm vermişəm. Şagird kimi çox sevimli olmuşam. Bəzən dərsdən qaçıb kinoya gedərdim. Müəllimlər bu barədə gündəliyimdə qeyd edərdilər. Elə ona görə də kino həyatımın bir səhifəsinə çevrildi.

  Kinorejissor Ayaz Salayev kinonu gözümüzün qabağında yaranan sənət növü adlandıraraq möcüzə kimi dəyərləndirdi: «Bu sənəti sevmək üçün onun arxasınca cəsarətlə getmək lazımdır. Biz kino adamları heç nədən nəsə yaradırıq. Kino mədəniyyətin, incəsənətin əlamətidir, həm də o maldır – onu pula satmaq olur. Kim sənət seçimində yolundan dönmürsə, o, mütləq uğur qazanır». 
Xalq artisti Hacı İsmayılov kinoya gəldiyi yola nəzər salaraq bu sənətin heç də asan olmadığını dedi: «Ağlıma da gəlməzdi ki, uşaqlıqdan sevdiyim bu sənət bir gün məni tanıdacaq. Mən bu gün Azərbaycan kinosunda sevilən, saf, təmiz müəllim obrazları yaradacam. «Həm ziyarət, həm ticarət» filmində, «Ad günü» filmində olduğu kimi... Sevinirəm ki, insanlar məni rollarımla tanıyır və sevirlər. Bu bizim sənətimizdə böyük xoşbəxtlikdir». Aktyor kinoda oynadığı müəllim obrazlarının bu gün də yaradılmasına ehtiyac olduğunu qeyd etdi.
 Tədbirdə milli kinomuzun bu gününə də nəzər salındı. Həmçinin şagirdlərin sualları əsasında rejissorların və aktyorların gələcək planları, görmək istədikləri işlərə aydınlıq gətirildi. 
  Tədbirin sonunda “Kaspi” liseyinin (Bakıxanov) direktoru Tural Əliyev qonaqlara tədbirdə iştirak etdiyinə görə və Kaspi Liseyinin  “ Milli yaddaş ” layihəsinə vermiş olduğları töhvəyə görə mükafatları təqdim etmişdir.