"Kaspi"də hazırlaşaraq 700 bal toplamış Lahıc məktəblisinə "Kaspi" təqaüdü veriləcək.

  Kaspi Abituriyent kurslarının məzunu, I ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanında 700 bal toplamış Vahab Cəbrayılov 11 may tarixində ailəsi ilə birlikdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevanın qonağı olmuşdur. Dəyirmi masa arxasında baş tutan görüşdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Vahabı, onun ailəsini, həmçinin Kaspi Elmlər filialında Vahaba dərs keçmiş müəllimləri təbrik etmiş, bu nailiyyətin əldə olunmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirmişdir.
  Çıxışı zamanı Sona xanım “Kaspi” Təhsil Şirkətinin 2017-ci ildə 10 yaşının tamam olması münasibəti ilə “Kaspi” təqaüdünün təsis olunması və bu təqaüdün ilk sahibi kimi Vahab Cəbrayılovun seçilməsi xəbərini də vermişdir. Təsisçi, Vahabın ali təhsil alacağı illər ərzində bu təqüdü alacağı, bundan başqa, tələbənin xaricdə təhsil alacağı təqdirdə “Kaspi” Təhsil Şirkəti olaraq həm maddi, həm də mənəvi dəstəklərini əsirgəməyəcəkləri vədini vermişdir.
  Görüşdə iştirak edən, Kaspi Elmlər filialının direktoru, həm də Vahab Cəbrayılova ingilis dili dərslərini tədris edən Rəsul Ağayev Vahab haqqında danışarkən qeyd etmişdir ki, onlar hələ bir il bundan qabaq, Vahabın “Kaspi” kurslarına müsabiqə əsasında qəbul olunduğu zaman istedadına bələd olmuş, nəticə etibarı ilə, Vahab və onun kimi digər istedadlı uşaqların Xüsusi istedadlılar qrupunda təhsil almalarını təmin etmişdirlər.
  Sonda öz ürək sözlərini söyləyən Vahab Cəbrayılov da ilk növbədə özünün ilk və ibtidai sinif müəllimi olan anasına, təhsil aldığı Lahıc məktəbinin müəllim heyətinə və 1 il müddətində ona hər bir şəkildə dəstək olan Kaspi Abituriyentin müəllimlərinə minnətdarlığını bildirmiş, bundan sonra isə bir tələbə və bir vətəndaş kimi hər zaman Azərbaycanın adını uca tutmağa çalışacağını söyləmişdir.